Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, şəhid, kapitan Rafiq Cəfər oğlu Alıcanovun 50 illik yubileyi təntənə ilə qeyd edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon ictimaiyyətinin, hərbi qulluqçuların, respublikamızın müxtəlif guşələrindən gəlmiş qonaqların iştirakı ilə Səməd Vurğun adına Ağstafa şəhər parkında keçirilən yubiley mərasiminin iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin xatirəsini ehtiramla yad edərək abidəsi önünə tər çiçəklər qoyublar.
Sonra Milli Qəhrəman Rafiq Alıcanovun büstü önünə də gül dəstələri düzülüb.
Yubiley mərasimini Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani açaraq qeyd edib ki, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətən torpaqlarının erməni işğalçılarından müdafiəsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdikləri şəxsi igidliyə, şücaətə və xidməti borclarının yerinə yetirilməsində misilsiz xidmətlərə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Vətən övladları heç vaxt unudulmur, xatirələri xalqımız və dövlətimiz tərəfindən daima əziz tutulur. Həyat və döyüş yolları gənclərimiz, eləcə də Vətən əsgərləri üçün nümunə olan Milli qəhrəmanlarımızın xatirə günlərinin, anım mərasimlərinin və yubileylərinin təşkili artıq ənənə şəklini alıb. Müdafiə Nazirliyinin rəhbərliyi gənclərin vətənpərvərlik tərbiyəsində, eləcə də Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində müstəsna əhəmiyyət kəsb etdiyini nəzərə alaraq bu kimi tədbirlərə xüsusi önəm verir.
Şəhidlərin xatirəsi “Rekviyem”in sədaları altında bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının dövlət himni ifa olunub.
Milli Qəhrəmanın ömür yolundan danışılarkən qeyd olunub ki, Rafiq Alıcanov 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. Bir neçə ildən sonra valideynlərinin işi ilə əlaqədar Ağstafa rayonunun Köçvəlli kəndinə köçüblər. Kənd orta məktəbini bitirdikdən sonra müvəffəqiyyətlə imtahan verərək Kalininqrad Ali Hərbi Mühəndislik Məktəbinə daxil olub. Sovet İttifaqı Silahlı Qüvvələrində xidmət edərkən kapitan rütbəsinədək yüksəlib.
Ermənistanın torpaq iddiaları ilə Azərbaycana qarşı təcavüzünün başladığı ilk günlərdən doğma yurda qayıtmaq üçün çox çalışsa da, yalnız 1992-ci ilin avqustunda Vətənə qayıda bilib. İlk günlərdən mühəndis-istehkam qoşunlarının yaranması və formalaşmasında xüsusi səylər göstərib. Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Goranboy, Ağdərə, Tərtər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan və Naxçıvan kapitan R.Alıcanovun döyüşdüyü, qorunmasında iştirak etdiyi, iz qoyduğu bölgələrdir. Bütün cəbhə boyu son dərəcə təhlükəli tapşırıqlara rəhbərlik edən istehkamçı peşəkar zabit yüzlərlə döyüşçünü ölümün pəncəsindən xilas edib, düşmənə texnika və canlı qüvvə sarıdan xeyli itki verib.
1993-cü ilin payızında Füzuli rayonu uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərib, yaralı vəziyyətdə əsir düşsə də, düşmənlərin ağır işgəncələrinə məruz qalsa da, öz şərəfli ölümü ilə Azərbaycan zabitinin yenilməzliyinin simvoluna çevrilib. O, Ulu Öndər Heydər Əliyevin 1994-cü il 16 sentyabr tarixli Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Ağstafa şəhərində və ailəsinin yaşadığı paytaxt Bakıda adına küçələr var. Təhsil aldığı kənd orta məktəbi indi onun adını daşıyır.
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov çıxışında bildirib ki, ağstafalılar 1918-1920-ci illərdə daşnaklara qarşı mübarizədə, Böyük Vətən müharibəsi illərində, eləcə də ölkəmizin müstəqilliyi və Qarabağ uğrunda döyüşlərdə həmişə əsl vətənpərvərlik nümunələri göstəriblər. Həm Sovet İttifaqı qəhrəmanlarının, həm də Milli qəhrəmanların sıralarında ağstafalı oğulların da adları var. Torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə döyüşən ağstafalılardan 130-dan çoxu şəhid olub, beş nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Ön səngərlərdə şəxsi heyətlə görüşlər keçirən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov, həmçinin bu ali təhsil ocağının bir qrup professor-müəllim və tələbəsi də Milli Qəhrəmanın yubiley mərasiminə qatılıb. Professor Ədalət Muradov bildirib ki, qəhrəmanın qızı bu universitetin magistraturasını bitirib, hərbi xidmətini başa vuran oğlu isə hazırda üçüncü kursda təhsil alır. Qəhrəmanın övladları universitet rəhbərliyinin də qayğısı ilə əhatə olunub və bundan sonra da daim diqqətdə saxlanılacaqlar.
Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı, polkovnik Elşad Əbilov, əsgər atası, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Bulud Sadıqov, şəhid qardaşı, baş müəllim İbrahim Quliyev, “Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri” İctimai Birliyinin Ağstafa rayon bölməsinin sədri, şəhid atası Yaqub İsmayılov və başqaları Vətən uğrunda həlak olan şəhidlərimizin adlarının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulması istiqamətində ölkə və Müdafiə Nazirliyi rəhbərliyinin apardığı məqsədyönlü işin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Qəhrəmanın qardaşı, Qarabağ müharibəsi veteranı Ramiz Alıcanov Azərbaycan Prezidenti İlham Əliyevə, Müdafiə Nazirliyi və rayon rəhbərliyinə şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə onların adından minnətdarlığını bildirib.
Atası şəhid olarkən körpə olan Elvin Alıcanovun çıxışı tədbir iştirakçılarına duyğulu anlar yaşadıb: “Mən atamın üzünü görməmişəm. Yalnız onun dəfn mərasimini videolentlərdə seyr etmişəm. Fəxr edirəm ki, atamın Azərbaycanın dövlət bayrağına bürünən cənazəsi yaylım atəşləri altında Vətən torpağına - son mənzilə uğurlanıb. Mən də yaşıdlarımdan biri kimi işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın hər bir əmrinə daim hazıram”.
Mərasim başa çatdıqdan sonra bir qrup tədbir iştirakçısı və Milli Qəhrəmanın oğlu düşmənlə təmas xəttində Vətən torpaqlarının keşiyini çəkən əsgərlərə baş çəkmək üçün ön səngərlərə yollanıblar.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Rafiq Alıcanovun 50 illik yubileyi geniş qeyd edilib
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Rafiq Alıcanovun 50 illik yubileyi geniş qeyd edilib
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Rafiq Alıcanovun 50 illik yubileyi geniş qeyd edilib