Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlhamə İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul müsabiqəsinin şərtlərini açıqlayıb.
Komissiyadan Trend-ə verilən məlumata görə, I, II, III və IV ixtisas qrupları üzrə müsabiqədə ümumi balı 200-dən və bir fənn üzrə minimal balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal ( minimum 10 bal) məhdudiyyəti tətbiq olunmur.
Kənd təsərrüfatı ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.
Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqədə ümumi balı 100-dən az olmayan abituriyentlər (onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir) iştirak edirlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az