Kralı ölmüş ərəb bizə nə verəcək?

Kralı ölmüş ərəb bizə nə verəcək?
18:22 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının kralı Abdullah ibn Əbdül Əziz əl Səud bu gün səhər, 91 yaşında dünyasını dəyişib. Ölkənin yeni kralı mərhum əlahəzrətin ortancıl qardaşı, 76 yaşlı varis şahzadə Salman ibn Əbdül Əziz, taxtın varisi isə hazırda Səudiyyə Ərəbistanı Nazirlər Şurasının sədr müavini şahzadə Mükrin olub.

Səudiyyə Ərəbistanı dünya neft bazarının önəmli oyunçularından biri olduğu üçün bu ölkənin başçısının dəyişməsi də dünya iqtisadiyyatından yan keçmədi. Kralın ölüm xəbərindən dərhal sonra neftin qiyməti dəyişdi. Dünya neft bazarı Səudiyyə Ərəbistanının kralı Abdullah ibn Əbdül Əziz əl Səudun ölümünə operativ reaksiya verdi. Səudilərin kralının ölüm xəbəri yayılan kimi birjalarda xam neftin 1 barrelinin qiyməti 2 faiz bahalaşaraq 47 dollara çatıb.

Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft ixracatçısı olduğuna görə, dünyanın bütün ölkələrində bu məsələyə diqqətlə yanaşırlar.

Dünyada neftin qiymətinin sürətlə aşağı düşdüyü bir zamanda Ərəbistanda baş verənlər neft ölkələrinin karına gəldi. Qiymətlərin aşağı düşməsi fonunda böyük itkilərə yol verən Rusiyada bu məsələyə xüsusi diqqətlə yanaşırlar.

Nə dəyişəcək?

Səudiyyə Ərəbistanının yeni kralı Salmanın hakimiyyəti dövründə rəsmi Ər-Riyadın siyasətində dəyişiklik qaçılmazdır. Bu, həm enerji siyasətinə, həm də ki, əsas müttəfiq ABŞ-la münasibətlərə təsirsiz ötüşməyəcək.

Yeni monarx ölkənin siyasi kursunu başqa istiqamətə yönəltməyəcək. Yeni kral Salman ibn Əbdül Əziz özü də bunu artıq ifadə edib.

“Biz Səudiyyə Ərəbistanının yaranmasından bəri yürüdülən düzgün siyasətə sadiq qalacağıq”, - yeni kral dövlət televiziyasında çıxışı zamanı deyib.

Lakin kiçik dəyişikliklər baş verə bilər. Dünyanın ən iri neft ixracatçısı olduğu üçün, ilk növbədə, hər kəsi yeni kralın enerji siyasəti maraqlandırır.

OPEK-in istehsal səviyyəsini qorumaq barədə qərarından sonra ötən ilin yayından etibarən neftin qiymətində 50% azalma müşahidə olunub. Kralın ölüm xəbəri isə neft bazarında canlanma yaratdı. Bazar xəbərə bahalaşma ilə reaksiya verdi.

Ekspertlər hesab edirlər ki, yeni monarxın hakimiyyəti dövründə ölkənin neft siyasətində ciddi dəyişiklik olmayacaq. Yeni ölkə başçısı çox böyük ehtimalla öz sələfinin siyasi kursunu davam etdirəcək. Dünya bazarında özünün hegemonluğunu qorumaq üçün neftin qiymətinin aşağı düşməsinə belə məhəl qoyulmadan istehsal artırılacaq. Bir müddət qeyri-müəyyənlik dövrü də yaşana bilər.

Səudiyyə Ərəbistanı regionda Amerikanın ən sadiq müttəfiqidir. Bununla yanaşı Səudiyyə Ərəbistanı regionda İranın ekspansiyasının qarşısını ala bilən gücdür. Yaxın Şərqdə İsrail və İrandan sonra üçüncü güc mərkəzidir. Bütün bunları nəzərə aldıqda köklü dəyişikliklərin olacağını demək sadəlövhlük olardı. Çünki istənilən dəyişiklik illərlə formalaşmış güc balansının pozulmasına gətirib çıxara bilər.

Azərbaycanın qazancı

Azərbaycan böyük neft istehsalçısı olmadığı üçün OPEK üzvü də deyil. Azərbaycan müstəqil neft istehsalçısıdır. Azərbaycanın illik neft hasilatı Səudiyyə Ərəbistanı ilə müqayisədə cüzidir. Ekspertlər hesab edirlər ki, Səudiyyə Ərəbistanının dünya bazarında neftə qarşı oynaması, ən böyük neft istehsalçısı titulunu saxlaması bəzi hallarda onun mövqelərini zəiflədir. Ona görə də Avropanın Azərbaycana marağı artır. Qərb dünyası üçün Səudiyyə neftindənsə Azərbaycan nefti daha cazibədar görünür.

Dünya bazarında neftin bahalaşması neft ölkəsi olan Azərbaycanın büdcəsi üçün yeni gəlirlər vəd edir.

Teymur Hacıyev
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR