DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müşavirəsi keçirilib

20:12 23 Yanvar 2015
771 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 19:57 ]


Bakı-APA. Bu gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2014-cü ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

 

Nazirlikdən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müşavirədə iştirak edib.

 

Nazir ölkəmizdə cinayətkarlıqla mübarizə və ictimai qaydanın təmini sahələrində əldə edilmiş uğurlarda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin də önəmli rol oynadığını diqqətə çatdırıb.

 

Əməliyyat-xidməti fəaliyyətin nəticələri barədə danışan Baş İdarənin rəisi, polis polkovniki Seyfulla Əzimov ölkədə 2011-2013-cü illərdə ifşa edilmiş cinayətkar qruplardan yalnız 55-nin mütəşəkkil dəstə olduğunu bildirib: “Bu dəstələrin də böyük əksəriyyəti törətdikləri ilk cinayətdən sonra zərərsizləşdirilib. Həmin cinayətlərin 80,2 faizini mülkiyyət əleyhinə faktlar təşkil edib. 2014-cü ildə ifşa olunmuş 5 mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayətlərin 83,3 faizi bu növ cinayətlər olub”.

 

S. Əzimovun sözlərinə görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə də hesabat dövründə diqqət mərkəzində saxlanılıb, ümumilikdə 30 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Məlum olub ki, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" icrası çərçivəsində satışa çıxarılmış 300 tona yaxın müxtəlif yararsız ərzaq məhsulları və saxta tikinti materialları məhv edilib. Ölkənin iqtisadi təhlükəsizliyinə zərbə vuran saxta pul əskinaslarının  qanunsuz dövriyyəsinə qarşı mübarizə işi də effektiv aparılıb. Belə ki, saxta 37.680 Azərbaycan manatı və 32.000 ABŞ dollarının dövriyyəyə buraxılmasının qarşısı alınıb.

 

Baş idarə rəisi bildirib ki, keçmiş illərdən bağlı qalmış cinayətlərin açılması və axtarışda olanların tutulması işində ərazi polis orqanlarına göstərilmiş əməli köməklik nəticəsində 2004-cü ildən bağlı qalmış, polis əməkdaşının qətlə yetirilərək tabel silahının ələ keçirilməsi cinayətini törətmiş şəxs ifşa olunub, eləcə də axtarışa elan olunmuş 5 nəfərin yeri müəyyən olunaraq istintaqa cəlb edilib.

 

O, ötən il əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət göstəricilərlə yanaşı, bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edib, onların qısa müddətdə aradan qaldırılması üçün kəsərli tədbirlərin görüləcəyini bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR