Bakı, 23 iyul, AZƏRTAC
İyulun 22-də futbol üzrə Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Azərbaycan çempionu “Qarabağ” Monteneqronun “Rudar” komandası ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Monteneqrodakı “Pod Malim Brdom” stadionunda keçirilən matçda “Qarabağ” komandası 1:0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qolu 57-ci dəqiqədə “Qarabağ”ın legioneri Reynaldo vurub. Qarşılıqlı hücumlar şəraitində keçən matçda qalan vaxt ərzində hesab dəyişməyib.
Bakıda keçirilən qarşılaşmada qolsuz heç-heçə qeydə alındığından iki oyunun nəticəsinə görə 1:0 hesabı ilə qalib gələn ağdamlılar növbəti mərhələyə yüksəliblər.
Görüşü bolqarıstanlı referi Georgi Kabakov idarə edib. Ona Martin Marqaritov, Martin Venev və Nikolay Yordanov kömək ediblər. Oyunun hakim-inspektoru Françesko Byanki (İsveçrə), UEFA nümayəndəsi isə sloveniyalı Tuqomir Frayman olub.
“Qarabağ” növbəti mərhələdə Şotlandiyanın “Seltik” komandası ilə qarşılaşacaq.