Baki, 22 İyul, Elşad Qəzvini, AZƏRTAC
Son vaxtlar qeysəriyyə əməliyyatı ilə doğumlar dünyanın bir çox ölkəsində dəbə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, artıq son illərdə qeysəriyyə yolu ilə doğum hallarının sayı əhəmiyyətli dərəcədə çoxalıb.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, bu sahədə ən yüksək göstərici Braziliyaya məxsusdur – 56 faiz. Latın Amerikasının bu ölkəsində vəziyyət o həddə çatıb ki, artıq hökumət əhalini ehtiyac olmadan “qeysəriyyə epidemiyası”ndan çəkindirmək barədə xüsusi tədbirlərə əl atıb. Bu yolla uşaq dünyaya gətirmək istəyən hər bir qadından rəsmi razılıq alınmaqla yanaşı, tibbi prosedurların əhəmiyyətini təsdiqləyən sənəd tələb olunacaq.
Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, bu üsulla doğum yalnız ananın və ya dünyaya gələcək körpənin sağlamlığı risk altında olduqda lazımdır. Lakin son vaxtlar bu, heç də belə deyil. Ailələr doğumun əməliyyat yolu ilə aparılması barədə əvvəlcədən və planlı şəkildə qərar qəbul edirlər.
Ekspertlərin məlumatına görə, hazırda dünyada qeysəriyyə yolu ilə doğumların sayı 15 faiz təşkil etməsinə baxmayaraq, ana və körpə ölümü riski azalmır. Qeysəriyyə yolu ilə uşaq dünyaya gətirilməsinə görə Misir (51,8 faiz) ikinci, Türkiyə (47,5 faiz) üçüncü, İtaliya isə (38,1 faiz) dördüncü yeri tutur. Çin, Meksika, qonşu İran və ABŞ-da da vəziyyət ürəkaçan deyil.