Dövlət Gömrük Komitəsi: “Azərbaycanın gömrük sistemində informasiya texnologiyalarından geniş istifadə edilir”

13:22 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 13:20 ]


Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində Azərbaycan gömrük xidməti bölgədə İKT-nin təbiqi baxımından qabaqcıl qurumlardan birinə çevrilib. Bu sahədə bir sıra layihələrin icrası gömrük prosedurlarının sadələşdirilməsi, ticarətin sürətləndirilməsi və şəffaflığın artırılmasına təkan verib.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Komitənin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin 2014-cü il ərzində fəaliyyətinin qısa təhlili ötən ilin də İKT sahəsində gömrükçülər üçün uğurlu olduğunu deməyə əsas verir.

 

Məlumata əsasən, Baş İdarə tərəfindən Azərbaycan gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin (VAİS) yaradılması, məlumatların yoxlanılması və emalı, informasiya texnologiyalarının tətbiqi, korporativ şəbəkənin genişləndirilməsi və təkmilləşdirilməsi, elektron gömrük xidmətlərinin təşkili, gömrük xidmətinin informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın xarici ticarətinin təhlilinin aparılması və gömrük statistikasının təkmilləşdirilməsi sahələrində mühüm işlər həyata keçirilib.

 

Qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə Gömrük Məcəlləsinin 318.2-ci maddəsinə əsasən “Xüsusi gömrük statistikasının aparılması Qaydaları” hazırlanıb, Dövlət Gömrük Komitəsi Kollegiyasının qərarı ilə təsdiq edilib və komitənin saytında yerləşdişdirilib. Ötən il elektron gömrük xidmətləri həm keyfiyyət, həm də kəmiyyət baxımından artıb. Gömrük işi və gömrük xidməti sahəsində baş verən bütün yeniliklər barədə ictimaiyyət operativ şəkildə mütəmadi olaraq məlumatlandırılıb.

 

Azərbaycanda həyata keçirilən idxal və ixrac əməliyyatlarında prioritet təşkil edən malların miqdarı, dəyəri, gətirildiyi (aparıldığı) ölkələr üzrə göstəricilər əvvəlki illərin müvafiq dövrləri ilə müqayisə olunmaqla təhlil edilib. Bundan başqa, inteqrasiya, məlumat mübadiləsi və inkişaf proqramları baxımından da mühüm addımlar atılıb.

 

Belə ki, Dövlət Gömrük Komitəsi ilə müvafiq qurumlar arasında VAİS vasitəsi ilə məlumat mübadiləsinin həyata keçirilməsi təmin edilib. İnformasiya texnologiyalarının tətbiqi sahəsində aparılan işlər ötən il də davam etdirilib və bir sıra nailiyyətlər əldə olunub. Gömrük əməkdaşlarına verilən “Elektron açar” kartları “Elektron imza” kartları ilə əvəz edilərək Dövlət Gömrük Komitəsinin Aparatında və strukturuna daxil olan gömrük orqanlarında VAİS-ə girişin yalnız “Elektron imza” kartları ilə həyata keçirilməsi təmin edilib, digər təşkilatların nümayəndələrinin gömrük orqanlarının informasiya sistemlərindən istifadə etmək hüquqlarının “elektron açarlar” vasitəsilə tənzimlənməsi işi davam etdirilib.

 

“Gömrük-sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin qeydiyyatında və yoxlanılmasında “bir pəncərə” prinsipinin həyata keçirilməsi üzrə texnoloji sxem”ə uyğun olaraq VAİS-də aparılan təkmilləşdirmələr hesabına gömrük-sərhəd buraxılış məntəqələrində yerləşən gömrük postlarından keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında risklərin avtomatlaşdırılmış qaydada İdarə edilməsi - VAİS-RİSK sisteminin tətbiqi həyata keçirilib. Bu sistem əsasında gömrük-sərhəd buraxılış məntəqəsindən keçirilən mal və nəqliyyat vasitələrinin və onların sənədlərinin yoxlanılmasının dərəcəsini müəyyən etmək üçün Risklərin İdarə Edilməsi metoduna əsaslanaraq, avtomatik olaraq risklər təhlil olunur və bu təhlilin nəticəsi olaraq VAİS vasitəsilə “Gömrük nəzarətinin forması“ müəyyən edilir.

 

Poçtla daşınan malların qeydiyyatı və əvvəlcədən bəyan edilməsi üçün “VAİS-Poçt daşımaları” altsistemi hazırlanaraq istismara verilib. Altsistem poçt daşımaları ilə məşğul olan şirkətlərə Dövlət Gömrük Komitəsinin internet saytında yaradılmış “XİF iştirakçısının şəxsi kabineti”nə daxil olmaqla poçtla ölkəyə gətirəcəkləri malları əvvəlcədən bəyan etməyə imkan verir.

 

Azərbaycan region və MDB ölkələri arasında dövlət sərhəd buraxılış məntəqələrində iri həcmli yüklərə sürətli və yüksək keyfiyyətli gömrük nəzarətinin həyata keçirilməsi üçün müasir avadanlıqları tətbiq edən ilk və yeganə ölkədir. 2014-cü ildə bu sahədə də mühüm addımlar atılıb. DGK ilə Almaniyanın “Smiths Heimann” şirkəti arasında imzalanan müqavilə əsasında dövlət sərhəd buraxılış məntəqələrində iri həcmli yüklərə sürətli və yüksək keyfiyyətli gömrük nəzarətinin həyata keçirilməsi üçün Astara, Biləsuvar, Şahtaxtı, Sədərək və Culfa gömrük idarələrində, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” və Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postlarında HCVG-6032 tipli X-RAY rentgen avadanlıqları quraşdırılaraq VAİS-ə inteqrasiyası təmin edilib. Avadanlıqlar vasitəsilə alınan görüntüləri həm də DGK-da yerləşən Hədəf Mərkəzindən izləmək mümkündür. Eyni tipli avadanlıqlar Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda da quraşdırılıb və  istismara hazırlanır. Oxşar avadanlıqların sərhəd dəmiryol keçidi məntəqələrində də quraşdırılması planlaşdırılır.

 

Ümumdünya Gömrük Təşkilatının “Malların buraxılış vaxtının ölçülməsi üzrə Təlimat”ında təsbit olunmuş metodologiyadan istifadə etməklə Azərbaycanın gömrük-sərhəd buraxılış məntəqələrində “Sərhədkeçmə vaxtının ölçülməsi (TRS)” layihəsi hazırlanaraq VAİS-ə inteqrasiyası təmin edilib və qismən tətbiqinə başlanılıb. Bu layihənin tətbiqi mal və nəqliyyat vasitələrinin sərhəddən keçidinə, buraxılışına və sərhəd keçidindən buraxılışına qədər keçən vaxtları müəyyən etməyə imkan verir. Toplanan statistik məlumatların təhlili mal və nəqliyyat vasitələrinin sərhəd keçidinin daha keyfiyyətli idarə olunmasına imkan yaradır.

 

Kommunikasiya və informasiya təhlükəsizliyi sahəsində atılan addımlara gəldikdə, 2014-cü ildə Dövlət Gömrük Komitəsinin korporativ şəbəkəsinin tam optik rabitə üzərinə keçirilməsi istiqamətində işlər davam etdirilərək Enerji Gömrük İdarəsinin “Liman” gömrük postu, Tovuz Gömrük  İdarəsinin “Sınıq Körpü” gömrük postunun terminalı, Yevlax Gömrük İdarəsinin “Şəki” gömrük postu və digərləri fiber optik rabitə xətti vasitəsilə DGK-nın korporativ şəbəkəsinə qoşulub. Gömrük zonasına daxil olan nəqliyyat vasitələrinin keçid vaxtının ölçülməsi layihəsinə uyğun olaraq Astara Gömrük İdarəsində, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə”, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” və Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postlarında müvafiq texniki avadanlıqlar quraşdırılaraq istismara verilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370257

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR