Bakı, 30 iyul, AZƏRTAC
Nizami Kino Mərkəzində iyulun 30–dan etibarən ABŞ-ın istehsalı olan "Solaxay", "Vatikan yazıları" və "Özündən kənarda" filmlərinin nümayişinə başlanılıb.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Solaxay" trillerini Kurt Satterin ssenarisi əsasında rejissor Antuan Fukua dram, idman və döyüş janrında çəkib. Boksçu Billi Xoupun həyatından bəhs edir.
Baş rollarda Ceyk Cillenhol, Reyçel MakAdams, Forest Uitaker, Oona Lourens, Fifti Sent, Skaylan Bruks, Naomi Xarris, Viktor Ortis, Bo Napp və Migel Qomes çəkilib.
Rejissor Mark Neveldaynın çəkdiyi "Vatikan yazıları" filmi triller və dəhşət janrındadır.
Film keçirilən ekzorsizm mərasimini (cinlərin və ya şər ruhlarının insanlardan yaxud müəyyən yerlərdən qovulması) əks etdirən videogörüntülər Vatikandan itdikdən sonra baş verən hadisələr haqqındadır.
Filmdə baş rolları Maykl Penya, Ketlin Robertson, Cimon Xonsu, Düqrey Skott, Con Patrik Amedori, Oliviya Teylor Dadli, Maykl Pare, Temina Sanni, Deniel Bernxard, Noemi Qonzalez və digər aktyorlar oynayıblar.
"Özündən kənarda" filmini rejissor Tarsem Sinqx Devid və Aleks Pastorların ssenarisi əsasında triller və fantastik detektiv janrında çəkib.
Filmdə rollara Rayan Reynolds, Ben Kinqsli, Natali Martines, Metyu Qud, Viktor Qarber, Derek Lyuk, Ceyni-Linn Kinçen, Melora Xardin, Mişel Dokeri, Semuel Peyc və digər aktyorlar çəkilib.
Nizami Kino Mərkəzinin ekranında yeni ABŞ filmləri