Naxçıvan, 1 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi üzrə müəyyən olunan proqnoz 105,2 faiz icra edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 421 min 500 manat çoxdur. 2015-ci ilin 1 iyul tarixinə muxtar respublikanın ticarət və iaşə obyektlərinə 130 ədəd POS-terminal quraşdırılıb. POS-terminallar vasitəsilə aparılan alqı-satqı əməliyyatları 8 milyon 130 min 561 manat təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu faktları Vergilər Nazirliyində keçirilən kollegiya iclasında nazir, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Əli Mahmudov diqqətə çatdırıb.
Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində 2015-ci il iyulun 1-nə qədər muxtar respublika ərazisində fəaliyyət göstərən banklarda 44 min 761 bank hesabı açılıb. Həmin bank hesablarından 41 min 44 hesab, o cümlədən bu ilin ilk 6 ayı ərzində açılan 6511 hesab aktiv olub. Hesabat dövrü ərzində vergi ödəyiciləri tərəfindən 5866 bəyannamə təqdim edilib. Bu bəyannamələr uyğunsuzluq yoxlamasından keçirilib, 163 vergi ödəyicisinə kameral qaydada 10 min 68 manat əlavə hesablama aparılaraq ödənilməsi təmin olunub. 12 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına və 1623 fiziki şəxs sahibkarlıq qeydiyyatına alınıb. Həmin sahibkarlıq subyektlərinin 91,2 faizi muxtar respublikanın rayonlarının payına düşüb. Vergi nəzarəti tədbirləri çərçivəsində audit strukturları tərəfindən hesabat dövründə başa çatdırılan 86 səyyar vergi yoxlaması nəticəsində 36 min 400 manat əlavə vəsait hesablanıb, 19 min 300 manat maliyyə sanksiyası tətbiq edilib və tamamilə büdcəyə ödənilməsi təmin olunub.
Əli Mahmudov qeyd edib ki, vergitutma bazasının genişləndirilməsi və vergidən yayınma risklərinin azaldılması sahəsində görülən tədbirlər nəticəsində öz əmlaklarını icarəyə verərək gəlir əldə edən 2153 fiziki şəxs tərəfindən 44 min 863 manat vergi məbləğinin büdcəyə ödənilməsi təmin edilib.
2015-ci ilin birinci yarımilində yerli vergi orqanlarında qeydiyyatda olan 2743 işəgötürən fiziki şəxs tərəfindən büdcəyə 45 min 30 manat ödənilib.
Sonra məruzə ətrafında çıxışlar olub.