Görün, kiprlilər necə mədəniyyətdən geri qalmış insanlardır ki, belə hərəkət edirdilər

Tarixində ilk dəfə futbol üzrə Avropa Liqasının 3-cü mərhələsində çıxış edən "Qəbələ" bu gün paytaxtda Kiprin Apollon klubu ilə cavab qarşılaşmasına çıxacaq. Komanda mərhələ adlayacağı təqdirdə Avroliqanın pley-off mərhələsinə vəsiqəni təmin edəcək.
Səfərdən 1-1 hesablı bərabərliklə qayıdan "Qəbələ"nin doğma meydanda mərhələ adlama şansı böyükdür.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, baş məşqçi Roman Qriqorçuk da ənənəvi mətbuat konfransında bunun üçün əllərindən gələni edəcəklərini vurğulayıb:

"Əminəm ki, bizi çox çətin oyun gözləyir. Rəqibimiz güclüdür. Səfərdə qollu bərabərlik hələ heç nə demək deyil. "Apollon"un heyətində bacarıqlı, sürətli oyunçular var. Belə oyunçuları zərərsizləşdirmək çətindir. Bizə çətin anlar yarada bilərlər. Artıq ilk matçın nəticəsini unutmuşuq".

Ukraynalı mütəxəssis ilk oyunda komandanın kapitanı Cavid Hüseynovun rəqib azarkeşlərini qıcıqlandıran jestinə də münasibət bildirib: "Gəlin oradakı hadisələrdən danışaq. Penalti təyin olunandan sonra kiprli azarkeşlər özlərini vəhşi kimi aparmağa başladılar. Azarkeşlər meydançadakı insanlara daş, şüşə qabları atmağa başladılar. O əşyalardan biri kiminsə başına tuş gələ və orada insan ölə bilərdi. Əslində, bu hadisəyə görə oyun yarımçıq dayandırılmalı və "Qəbələ"yə 3:0 hesablı texniki qələbə verilməli idi. Amma adını çəkmək istəmədiyim başqa bir oyunda bunu etdilər. Gərək kimsə ölsün, ondan sonra cəza verilsin? Görün, kiprlilər necə mədəniyyətdən geri qalmış insanlardır ki, belə hərəkət edirdilər. Mən onlarda qəzəbi görürdüm. Şokda idim. Biz XXI əsrdə yaşayırıq. UEFA ilk növbədə onlara cəza verməlidir. Amma azərbaycanlı azarkeşlər sabah (bu gün - red.) eyni şeyi təkrarlamasınlar. Biz onlara mədəniyyətin nə olduğunu göstərək. Bundan başqa, bayrağın yandırılması da yolverilməz haldır. Futbolçu bunu gördükdən sonra necə sakit dayansın?"

Qeyd edək ki, qarşılaşma bu axşam saat 9-da Baksell Arenada keçiriləcək. Oyunu isə portuqaliyalı hakimlər briqadası idarə edəcək.

Milli.Az