Gənc qalmaq istəyirsinizsə - MƏSLƏHƏTLƏR

Gənc qalmaq istəyirsinizsə - MƏSLƏHƏTLƏR
11:32 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+

Gənc qalmaq hər bir qadının və kişinin ən böyük arzusudur. Hər kəs yaşadığı illərin onun görünüşündə heç bir dəyişiklik etməməsini və hər zaman gənc qalmağı arzulayır. Yaşımızdan cavan görünməmizlə bağlı kompliment eşitmək bizə əvəzolunmaz zövq verir.  

Milli.Az musavat.com-a istinadən bildirir ki, məhz bu səbəbdən də çox zaman kimsə yaşımızı soruşduqda cavab verməkdən öncə "sən neçə yaş verərsən?" və ya "neçə yaşında görünürəm" kimi sualları geri yönəldirik. Hazırki yaşımızdan daha gənc göründüyümüzü eşitmək isə bizi xoşbəxt edir. 
 
Əgər gənc qalmağa bu qədər meylliyiksə, yaşlanmamıza səbəb olan faktorları aradan qaldıraraq daha cavan görünə bilərik. Bu, imkansız deyil və çox sadə, lakin iradə tələb edən yolları var. İllərə meydan oxumaq istəyirsinizsə, bu məsləhətlərə siz də əməl edin. 
 
Günəş: Xəfif qaralmış dəri hər zaman cəlbedici hesab olunur. İnsanlar buna yayda günəş altında bir neçə saat uzanmaqla, qışda isə solariuma getməklə nail olmağa can atırlar. Ancaq təəssüf ki, gözəllik qurban tələb edir. Birbaşa düşən günəş şüaları dərinin vaxtından əvvəl qocalmasına və qırışmasına yol açır. Buna görə də mütəxəssisinizin məsləhətlərini dinləyərək, günəş kremindən istifadə edərək uyğun vaxtlarda günəşlənməyə çalışın.  
 
Stress: Sağlam həyat tərzi ilə bağlı məsləhətlər içərisində hər zaman stressdən, əsəbdən uzaq durun" maddəsi ilə qarşılaşırıq. Bir o qədər əhəmiyyət vermədiyimiz bu tövsiyə əslində böyük bir həqiqətdir. Vaxtından əvvəl yaşlanmaq istəmirsinizsə, stressdən uzaq durun. Stressinizi azaltmaq üçün nəfəs məşqləri ən yaxşı çıxış yolu ola bilər.  
 
Siqaret: Siqaret asılılığı alkoqol kimi orqanizmə ciddi şəkildə zərər verir. Siqaret bədəndə xərçəng xəstəliyinin yaranmasına səbəb olduğu üçün dərinin vaxtından əvvəl qırışmasına səbəb olur. 
  
Alkoqol: Alkoqol bir çox orqana zərərli olduğu kimi dəri sağlamlığına da mənfi  təsir göstərir.  
 
Mimikalar: Mimikalar, sifətimizə bəzən gözəl ifadə qazandırsa da, mimikalardan çox istifadə etmək vərdişi dərinin daha tez qocalmasına səbəb olur. Üz dərisini çox hərəkət etdirmək onun daha çox qırışmasına və yaşlı görkəm almanıza səbəb olur.  
 
Yuxu: Yuxu insanın heç zaman imtina edə bilməyəcəyi bir ehtiyacıdır. Lakin şirin bir yuxu yatmaq üz dərinizə heç də yaxşı təsir göstərməyəcək. Gün ərzində qoruduğunuz üz dərinizi gecə yatarkən məhv edə bilərsiniz. Belə ki, uzun müddət eyni formada yatmaq üz dərisində həmin hissənin qırışmasına səbəb olur və bu qırışlar getdikcə qalıcı olur. Bu səbəbdən arxası üstə yatmağa üstünlük verin. 
 
Yuxusuzluq: Yuxusuzluq bir çox səbəblərdən insanın özündən asılı olmaya da bilər. Ciddi yuxusuzluq probleminiz varsa, bunu həkimə müraciət edərək həll etməyə çalışın. Çünki gündəlik tələbat olan yuxunu yatmamaq gün ərzində özünüzü yorğun və halsız hiss etmənizə səbəb olacaq. Bundan başqa, yetərli yuxu almamaq dərinin qırışmasının səbəbləri sırasındadır.  
 
Dəri quruluğu:
Orqanizmimizin suya nə qədər ehtiyacı olduğunu və tez-tez su içməyin faydalarını hər zaman mütəxəssislərdən eşidirik. Lakin dəri quruluğunu aradan qaldırmağın ən ideal yolu həm çoxlu su içmək, həm də dərini nəmləndirici kremlərlə canlandırmaqdır. Gündə ən azı 1,5 litr su için və dərinizi tez-tez nəmləndirin. Bu zaman dərinin qırışması ehtimalı maksimum azalacaq.  
 
Aktiv həyat tərzi: Hərəkətsiz bir yaşam tərzi keçirmək yerinə aktiv həyat insanın daha gənc qalmasına səbəb olur. İdmanla məşğul olan insanların öz yaşlarına nisbətən daha gənc və sağlam görünməsi heç kimə sirr deyil. 
 
Qidalanma: Bu bölmədə mütəxəssislər unlu, yağlı, duzlu və şəkərli qidalardan uzaq durmağı tövsiyə edir. Konservləşdirilmiş məhsulların əvəzinə, təbii meyvə və tərəvəzlə qidalanmaq insanı daha gənc saxlayır. 
 
Bu tövsiyələri diqqətə alıb, yaşam tərzinizdə bəzi xırda dəyişikliklər etsəniz, siz də fərqi görəcəksiniz. Bu yolla zamanı durdura bilməsəniz belə, gəncliyinizlə illərə meydan oxuya bilərsiniz.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/361362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR