"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin Rusiya nümayəndəliyi fəaliyyətə başlayıb

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin Rusiya nümayəndəliyi fəaliyyətə başlayıb
13:38 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin (BİAB) Rusiya nümayəndəliyi fəaliyyətə başlayıb.
BİAB-dan AZƏRTAC-a bildiriblər ki, nümayəndəliyin rəhbəri vəzifəsinə Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi, jurnalist Aleksandr Karavayev təyin olunub. Nümayəndəlik Azərbaycan və Rusiya arasında əsasən iqtisadi əlaqələrin genişləndirilməsinin mümkün yollarını araşdıracaq, hər iki ölkədə biznes mühitinin qiymətləndirilməsini apararaq investisiya qoyuluşu üçün əlverişli sahələri tədqiq edəcək.
Növbəti mərhələdə "Ekonomiks" BİAB-ın digər ölkələrdə də nümayəndəliklərinin yaradılması nəzərdə tutulub ki, Avropa ölkələri daha vacib hədəf kimi müəyyənləşdirilib.
A.Karavayev "Ekonomiks" BİAB-ın Rusiya nümayəndəliyinin rəhbəri qismində ilk təhlilini artıq təqdim edib. "Analitik İnformasiya Mərkəzi – Информационно-Аналитический Центр" portalında (http://ia-centr.ru/expert/21334/) yayımlanmış "Azərbaycan Rusiya üçün olduqca qiymətli tərəfdaşa çevrilir" başlıqlı təhlil materialında hər iki ölkə arasındakı iqtisadi əlaqələrin dünənki və bugünkü vəziyyətinə nəzər salınıb. Hələ Sovet İttifaqı dönəmində iki respublika arasındakı ticarət dövriyyəsinin səviyyəsindən bəhs edərək çağdaş dövrün reallıqlarına da diqqət yönəldən A.Karavayev iqtisadi əlaqələrin daha da genişləndirilməsini mümkün edən imkanlardan və xüsusən Azərbaycan investisiyası üçün cəlbedici görünən sahələrdən bəhs edib. Hazırda Rusiyada fəaliyyət göstərən Azərbaycan investorları kimi SOCAR, Dövlət Neft Fondu, "Azərsun Holding", eləcə də "MBA- Moskva" bankının adını çəkən müəllif bu sıranın daha da genişlənməsini zərurət kimi qiymətləndirib və investisiya axınını təmin edə biləcək Rusiya iqtisadi orbitasının konkret nöqtələrini göstərib.
A.Karavayev, əsasən müştərək müəssisələrin yaradılmasının verə biləcəyi dividentlərdən bəhs edib. O, Azərbaycanın son illər iqtisadi sıçrayış əldə etmiş və dayanıqlı maliyyə sisteminə malik olan bir ölkənin mövcud potensialının bütün sahələr üzrə əməkdaşlığa əsas yaratdığını qeyd edib. Rusiya ilə Azərbaycan arasında investisiyaların qarşılıqlı mühafizəsinə dair əldə olunmuş razılaşmanın detallarına toxunan müəllifin fikrincə, hazırkı dövr şüarçılıqdan və siyasi öhdəliklərdən uzaq birbaşa iqtisadi inteqrasiya tələb edir.
"Ekonomiks" BİAB-ın Rusiya nümayəndəliyi digər MDB ölkələrindəki biznes mühitinin öyrənilməsi istiqamətində də tədqiqatlar aparacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotEkonomiks_quot_Beynelxalq_Iqtisadi_Arasdirmalar_Birliyinin_Rusiya_numayendeliyi_fealiyyete_baslayib-876031

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR