Cari ilin ilk premyerası “III Riçard” oldu

Cari ilin ilk premyerası “III Riçard” oldu
14:18 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2015-ci ilin ilk premyerası “III Riçard” ictimaiyyət nümayəndələrinə və teatrsevərlərə təqdim olunub.
Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, görkəmli ingilis dramaturqu U.Şekspirin “III Riçard” tarixi pyesi əsasında hazırlanmış eyniadlı tamaşa dahi dramaturqun anadan olmasının 450 illiyinə həsr olunub.
Uzun illər Azərbaycan teatrında səhnələşdirilməyən sözügedən tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, baletmeysteri Rusiyanın əməkdar incəsənət xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.
Səhnə əsərində əsas rolları xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, aktyorlar Mehriban Abdullayeva, İradə Rəşidova, Natiq Fərzəliyev və başqaları ifa ediblər.
Tamaşa vicdan hissindən məhrum olunmuş, taxt-taca sahib olmaq üçün doğmalarını belə öldürtməkdən çəkinməyən, cinayətləri ilə ad çıxaran, səhnəyə gah Stalin, gah Beriya, gah da Hitler kimi çıxan qozbel və qolu iflic olan III Riçardın əməllərindən bəhs edir.
Tamaşadan sonra teatrın direktoru, əməkdar artist Mübariz Həmidov səhnəyə çıxaraq bütün kollektivi yeni premyera münasibətilə, tamaşanın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimovanı isə anadan olmasının 75 illik yubileyi münasibətilə təbrik edərək onları ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı adından diplomla təltif edib.







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR