Paytaxtın Badamdar qəsəbəsində Bakı sakinin çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə əlaqədar cinayət işi başlanıb

15:08 7 Avqust 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC
Avqustun 2-də saat 1 radələrində Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə gedən yolda Bakı şəhər sakini Həmid Paşayevin idarə etdiyi “Nissan Sunny” markalı avtomobildə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilmiş meyiti tapılıb.
Respublika Baş Prokurorluğunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq, daxili işlər və milli təhlükəsizlik orqanları əməkdaşlarının birgə həyata keçirdikləri intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır qətl hadisəsinin Biləsuvar rayonunun Ağayarlı kənd sakini 20 yaşlı Pərviz Abbasov tərəfindən törədilməsi müəyyən edilib. Həmçinin o da müəyyən edilib ki, Pərviz Abbasov bir neçə gün əvvəl Səbail rayonu ərazisində vətəndaşa qarşı quldurluq cinayəti də törədib.
Pərviz Abbasovun Biləsuvar rayonunda gizləndiyi müəyyən olunub və o, yaxalanaraq istintaqa təhvil verilib.
Faktla bağlı zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Paytaxtin_Badamdar_qesebesinde_Baki_sakinin_choxsayli_bichaq_xesaretleri_ile_qetle_yetirilmesi_ile_elaqedar_cinayet_isi_baslanib-876056

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR