Nyu-Yorka tarixin ən böyük qar fırtınalarından biri yaxınlaşır

Nyu-Yorka tarixin ən böyük qar fırtınalarından biri yaxınlaşır
14:43 26 Yanvar 2015
136 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
ABŞ-ın şimal-şərqinə böyük qar fırtınası yaxınlaşır. Meteoroloqların proqnozuna görə, yaxın iki gün ərzində bəzi rayonlara 90 santimetrə qədər qar yağa bilər.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Nyu-Yorkun meri Bill de Blazio bunun meqapolis tarixində ən güclü qar fırtınası olacağı barədə xəbərdarlıq edib və əhalini diqqətli olmağa, şəxsi avtomobillərdən istifadə etməməyə, həmçinin ehtiyac yaranmadığı təqdirdə küçəyə çıxmamağa çağırıb.
Qasırğanın tüğyan edəcəyi zonada - Nyu-York, Nyu-Cersi, Konnektikut, Pensilvaniya, Massaçusets və Men ştatlarında təxminən 30 milyon insan yaşayır. Gözlənilən fırtına ilə əlaqədar olaraq mağazalarda ərzaq almaq üçün uzun növbələr yaranıb.
Sinoptiklərin məlumatına görə, Birləşmiş Ştatların şimal-şərqi yanvarın 27-si axşama qədər soyuq siklonun əsarətində qalacaq. Yaxınlaşan qasırğanın 37 il bundan əvvəl - 1978-ci ilin fevral ayında ABŞ-ın şərq sahillərində tüğyan edən qar fırtınasının gücünə bərabər olacağı güman edilir. Həmin vaxt ölkənin şimal-şərqində əlverişsiz hava şəraiti səbəbindən nəqliyyat əlaqəsi bir neçə gün demək olar ki, tamamilə kəsilmişdi.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nyu_Yorka_tarixin_en_boyuk_qar_firtinalarindan_biri_yaxinlasir-827494

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR