"Nostalji" - AzTV-nin unudulmaz proqramları - FOTO

"Nostalji" - AzTV-nin unudulmaz proqramları - FOTO
16:32 8 Avqust 2015
136 Digər
Ölkə mətbuatı
A- A+

Modern.az saytı "Nostalji" rubrikasının budəfəki yazısında  30-40 il əvvəl hər ailənin intizarla gözlədiyi və dünyagörüşün  formalaşmasına təsir edən televiziya proqramlarından bəhs edir. Təbii ki, o zaman yeganə televiziya kanalı olan AzTV hər bir ailənin sanki üzvü idi. Hər bir ailə paytaxtda və bölgədə yaşamasından asılı olmayaraq, indi o qədər də seyr edilməyən bu kanalın məşhur proqramlarını həvəslə gözləyirdi.

Nostalji hislər yaşadacaq həmin televiziya proqramlarının bir neçəsini xatırladaq:

"Səhər görüşləri" - Televiziyanın yaranmasının 20-ci ildönümündə, yəni 1976-cı ildə o zamankı sədr Qurban Yusifzadənin təşəbbüsü ilə yaranan "Səhər görüşləri" çox keçmədən hamının sevimlisinə çevrildi. Hər bazar günü 45 dəqiqə - 1 saat intervalında efirə gedən veriliş zamanı küçələrdən əl-ayaq çəkilərdi, hətta maşınlar belə, gözə dəyməzdi, hamı ekran önündə olardı. 
Birinci verilişdə SSRİ xalq artisti Zeynəb Xanlarova mahnı ifa edib, Əminə Yusifqızı şeir söyləyib, royal arxasında oturub mahnı ifa edib. İlk proqramın başqa qonaqları isə aktyorlar  Nəsibə Zeynalova ilə Hacıbaba Bağırov olublar. Aprelin 4-ü "Geoloqlar günü" olduğundan, verilişdə bir geoloq da çıxış edib. Verilişdə aparıcıların geyim məsələsinə də xüsusi diqqət yetirilirdi. Zövq başlıca şərt idi. "Səhər görüşləri"nin ilk aparıcıları xalq artistləri Leyla Bədirbəyli və Lütfi Məmmədbəyov olub. Sonradan onları Ofelya Sənani və Davud Əhmədov əvəz ediblər.

Lütfəli Abdullayev və Bəşir Səfəroğludan başqa, ("Səhər görüşləri" başlayanda hər ikisi dünyasını dəyişmişdi) respublikanın ən tanınmış aktyorları: Əliağa Ağayev, Hacıbaba Bağırov, Nəsibə Zeynalova, Səyavuş Aslan, Hüseynağa Sadıqov, Fazil Salayev, Səməndər Rzayev, Həsənağa Turabov, Ramiz Əzizbəyli, Yaşar Nuri, İlham Namiq Kamal, Telman Adıgözəlov və başqaları verilişə dəvət olunar, onlara uyğun rollar yazılardı.

Musiqi tərtibatı da mövsümə uyğun tərtib edilirdi ki, maraqlı olsun. Ara müğənnilər efirə buraxılmırdı. O dövrdə verilişə daha çox Zeynəb Xanlarova, Şövkət Ələkbərova, İlhamə Quliyeva, Flora Kərimova, Akif İslamzadə, Məmmədbağır Bağırzadə, Hüseynağa Hadıyev, Elmira Rəhimova, Rübabə Muradova və başqa tanınmış müğənnilər və xanəndələr dəvət olunurdu. "Səhər görüşləri"ndə bəyənilən, xoş əhval-ruhiyyə yaradan musiqilər, süjetlər verilirdi, musiqinin mövzuya uyarlılığına həmişə diqqət edilirdi. Tamaşaçıya hörmət nəzərə alınır, proqramın rəngarəngliyinə ciddi fikir verilirdi.

"Komediyalar aləminə səyahət" - 1970-ci illərdə efirə gedən proqram bir çox aktyorlar üçün ilk məktəb olub. İnsanların həvəslə gözlədiyi və əyləndirici olduğu qədər də maarifləndirici səciyyə daşıyan "Komediyalar aləminə səyahət"də klassik Azərbaycan ədəbiyyatına və dramaturgiyasına tez-tez toxunulurdu. Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə və başqa ədiblərin əsərlərindən səhnəciklər hazırlanırdı. Bu kiçik səhnəciklər sonradan bir çox aktyorun parlamasına səbəb oldu. "Hacı Qəmbər", "Molla Cəbi", "Mən nənəylə evlənirəm", "Səftər əmioğlu"  və bu kimi onlarla tamaşalar Əliağa Ağayev, Fazil Salayev, Hüseynağa Sadıqov, Eldəniz Zeynalov, Yaşar Nuri, Səyavuş Aslan, Nəsibə Zeynalova kimi aktyorların tamaşaçılarla daha tez-tez görüşməsinə şərait yaradırdı. 
"Komediyalar aləminə səyahət"in ən məhur aparıcısı mərhum aktyor Əlabbas Qədirov idi. 

"Dalğa" - Telejurnalist İlqar Əlfioğlunun Azərbaycan tamaşaçısının sevimlisinə çevirdiyi "Dalğa" proqramını o zaman hər ailə həvəslə gözləyirdi. Dövlət televiziyasının quru efir məkanına sanki canlılıq gətirən "Dalğa" o vaxtın tamaşaçısı üçün əsl möcüzə idi. İnsanlar yeni eşitdiyi, müəmma dolu bilgilər haqqında öyrənməyə can atır, onları nisbətən fərqli formatda tamaşaçılara təqdim edirdi. İlqar Əlfioğlu müəllif və aparıcısı olduğu veriliş haqqında  Modern.az-a bunları deyib:

"1987-ci il, dekabrın 28-də təqdimat proqramı oldu. 1988-1991-ci illər arasında hər həftənin cümə günləri, "Vremya" xəbərlər proqramından sonra efirə çıxır, təkrarı bazar günləri səhər saatlarında olurdu. Proqram 1991-ci ilin noyabr ayında, o zamankı sədr Məmməd Muradın əmri ilə bağlandı, işçilər ixtisara salındılar.

Toxunmadığı problem yox idi. Nədən desən, danışa bilirdik və bizə təzyiq etmək də mümkün deyildi. Zəmanə özü buna imkan yaratmışdı. O vaxtadək yasaq olan bütün mövzuları işıqlandırırdıq.

"Dalğa" yeganə veriliş idi ki, efirə çıxanda küçələrdə adam qalmırdı. Onun efir vaxtı Moskvadan məşhur "Vzqlyad" proqramı gedirdi. Təxminən iki aydan sonra bizdə "Dalğa" daha populyar oldu. Deyə bilərəm ki, ömrü boyu Azərbaycan dilində verilişə baxmamış Bakı rusdilliləri dilimizi elə bizim proqrama baxmaq üçün öyrəndilər. Yaradıcı heyət 4 qrupdan ibarət idi. Adlarını xatırlayaq: Aparıcılar - Osman Mirzəyev, Nadejda İsmayılova, Yusif Bağırov, Çingiz Kərimov, Nüsrət Kəsəmənli, Məti Osmanoğlu, İlqar Qasımov; rejissorlar - Vasif Babayev, Şahin Əlibəyli, Məhərrəm Bədirzadə, Akif Salamov və digərləri; redaktorlar - Sədrəddin Bədirxanov, Mülatif Adurov, Çingiz Kərimov və digərləri... Unutduqlarım oldusa, üzrlü sayın. Nüsrət Kəsəmənlinin "Dalğa"nı aparmasını, yəqin, çoxları unudublar. Amma 1988-ci ildə mən xəstələndim, üç ay işə çıxa bilmədim, Nüsrət rəhmətlik məni əvəz etdi..." 

"Təbiəti sevənlər" - 35 ildən çox yayımlanan məşhur proqram o zaman böyükdən-kiçiyə hamının diqqətini cəlb etmişdi. Professorlar Qara Mustafayev və Mirəli Seyidov təbiətin seyrinə çıxaraq, onun gözəlliyini, eləcə də problemlərini elmi dəlillərlə, sadə xalq dili ilə dilə gətirirdilər. Vaxtilə Modern.az saytına verdiyi müsahibəsində Qara Mustafayev proqram haqqında bunları deyib:

"O proqram 35  ildən çox efirə gedib. Orada həddindən artıq maraqlı əhvalatlar  baş verib. Mən bu dəqiqə onları deməkdə çətinlik çəkirəm. Sensasiya deyirsən, sensasiya da olub. Özü də çox olub. Yaxşı şeylər də olub, pis şeylər də. Mirəli müəllim sivil adam idi. Mən demirəm ki, o, dahiyə qarşı idi. Adi müəllim idi. Alim kimi də təcrübəsi bir o qədər çox deyildi. Amma Mirəli müəllimin üstünlüyü o idi ki, bizim soy-kökümüzü öyrənməyə çalışırdı. Bax, onu Mirəli müəllim edən bu idi. Nəsimidən tutmuş Səməd Vurğuna qədər, xüsusilə,  klassik ədəbiyyatı çox gözəl bilirdi. Xüsusən, təbiətşünaslıqla poeziyanın çox gözəl kontaktını  qurmuşdu. Ona görə də çox şirin danışığı var idi. Ruhu məndən inciməsin, bugünkü müasir təbiətin quruluşuna qalanda deyirdi ki, onu Qara müəllimdən soruşun. O məndən yaxşı bilir. 
Qaldı ki o verilişə... Mən 35 ildən sonra başa düşmüşəm ki, o veriliş Azərbaycan xalqının pasportunda "propiska" olunub, qeydiyyatdan keçibmiş. Mən bunu bu gün dərk etmişəm. Dur qol-qola düşək, bu prospektdə yarım kilometr yol gedək. Beş-altı adam yolunu köndələn dəyişəcək, gələcək yanıma ki, Qara müəllim, bu kitaba,  ya bir nəyəsə imza at. A, bala mən artist-filan deyiləm. Deyir,  yox, hökmən imza ver. Verilişin qəribəlikləri olubsa da, mənsiz olub. Heyvanlar aləmi proqramlarında, yəqin ki, belə bir epizod izləmisiz. Timsah suyun kənarında pusquda dayanaraq, öz ovunu gözləyir. Onda çox güclü instinkt var. Burnunu çıxarıb gözləyir. Məsələn, deyək ki,  maral su içməyə gəlirsə, onun cəld ayağından yapışır, yerdən üzür və suya salıb boğur, sonra da parçalayır. Bu məşhur epizodu çox görmüsüz. Mənim verilişimdə də bu epizoda oxşar hal olub. Bu cür kadr telekompaniyanın şedevri adlanır. Amma mən belə bir hadisəni  əldən qaçırmışam". 

"7 gün" proqramı - Müstəqillik illərinin əvvəllərində yayımlanan və siyasi publisistikanın ilk qaranquşlarından sayılan "7 gün" proqramını bu gün, yəqin ki, çoxları yaxşı xatırlayır. Proqramın müəllif və aparıcısı Qulu Məhərrəmli "7 gün " haqqında bunları deyir:

"1993-cü ilin yayında gərgin siyasi hadisələr oldu, bu da televiziyanın proqramına da təsir etdi. "7 gün" proqramı da o hadisələrdən sonra,  noyabr ayının axırlarında efirə çıxdı. O zaman mən məzuniyyətdə idim. Gələndən sonra proqrama qatıldım və ilk günlər süjetlər hazırladım.  O vaxtkı sədr Babək Hüseynoğlu dedi ki, sən də aparıcı kimi özünü sına. Ondan sonra həftədə bir dəfə mən, bir dəfə də hazırda deputat olan Sahib Alıyev "7 gün"ü aparırdıq. Sonradan o televiziyadan getdi və mən 1995-ci ilə qədər verilişi tək apardım. "7 gün", təvazökarlıqdan uzaq da olsa deyim ki, çox populyarlıq qazandı. O zamanın bütün aktual ictimai proseslərinə toxunurdu. Siyasi publisistikada bir yenilik idi. Professor Şirməmməd Hüseynov siyasi icmalçı kimi çıxış edirdi və bu, proqramın reytinqinə müsbət təsir edirdi. Ölkədəki ictimai siyasi hadisələrlə yanaşı, həm də o zaman baş verən rus-çeçen müharibəsindən də orijinal süjetlər təqdim edirdik. Həmin süjetlər birbaşa o ərazidə olan müxbirlərə istinadən verilirdi. Məsələn, Taleh adlı bir operator var idi, orada çəkdiyi orijinal süjetləri bizə göndərirdi. Bir neçə dəfə Rusiyanın o vaxtkı səfiri "7 gün" buraxılışına və şəxsən mənə öz narazılığını da bildirdi. Amma proqram istənilən aktual məsələlərə toxunurdu. Bir dəfə əlil arabaları barəsində hazırladığımız süjet mərhum prezident Heydər Əliyevin də çox xoşuna gəlmişdi. Yəni alternativsiz bir veriliş idi. Çox təəssüf ki, məşhurlaşandan sonra verilişin müştəriləri, yəni ona aparıcılıq etmək istəyənlər çoxaldı. Bir neçə aparıcı dəyişildi. Gördüm ki, proqram kontekstindən çıxır, ondan sonra "7 gün"dən  imtina etdim. Daha sonra Mübariz Qurbanlı aparıcı oldu. Nə  isə, proqram sonradan öz əvvəlki nüfuzunu qazana bilmədi".

"Qitələr və hadisələr" - AzTV-də siyasi gündəmi işıqlandıran və bu günün nostalgiyasına çevrilən "Qitələr və hadisələr" proqramı da bir zamanlar ciddi kütlənin gözlədiyi veriliş idi. Xüsusən də Milli Məclisin mərhum sədri Murtuz Ələsgərov və professor Seyfəddin Qəndilovun icmalçı kimi çıxış etdiyi proqramlar bu gün də yaddaşlardadır. Proqramın redaktoru olmuş Qulu Məhərrəmli bunları deyir:

"Azərbaycan televiziyasında xəbərlər xidmətinin tərkibində "Beynəlxalq proqramlar şöbəsi" var idi. Formal xarakter daşıyırdı. Sonradan beynəlxalq aləmə aid olan verilişlərin sayı çoxaldı və ayrıca bir şöbə yaratdılar. Məni şöbə müdiri təyin etdilər.  Proqramın üç icmalçısı var idi - rəhmətlik professorlar Seyfəddin Qəndilov, Həmid Əliyev və Murtuz Ələsgərov. İki nəfər də iqtisadi icmalçı var idi - iqtisadiyyat elmləri doktoru Mirağa Musayev və Qüdrət Əbdülsəlimzadə. Sonradan proqrama tələbat artdı və  biz daha gənc icmalçıları da dəvət etdik. Onlara misal olaraq Musa Qasımlı, Mübariz Qurbanlı, Cəmil Həsənli,  Qabil Hüseynli və başqa icmalçıları da göstərmək olar. Bu proqramın uğurlarından biridir ki, həmin icmalçılar bu gün cəmiyyətdə, siyasi aləmdə  tanınmış  şəxslərdir.

"Kinoklubda görüş" - insanlar vaxtilə hər həftənin bazar gününü  bu proqrama görə səbirsizliklə gözləyirdilər. "Kinoklubda görüş" proqramının adı sonradan dəyişilərək "Kinoklub" oldu, formatında da bəzi dəyişikliklər edildi. Azərbaycan kinosu və kino xadimlərindən bəhs edən proqram hər həftənin bazar axşamı bir saat efirdə olurdu.

Klubun üzvləri olan müxtəlif kino işçiləri bir yerə toplaşaraq ömürlərini kinoya həsr edən sənətkarları və onların kino fəaliyyətlərini xatırlayırdılar. Proqramın ən uğurlu aparıcıları isə mərhum aktyor Telman Adıgözəlov və xalq artisti Ramiz Novruz olub. Daimi qonaqları arasında isə rəhmətlik xalq artistləri Nəsibə Zeynalova, Mirzə Babayev, Həsən Məmmədov, Səyavuş Aslan, Yaşar Nuri və başqalarını görmək olardı.  

"Arzular" və "Retro" - vaxtilə AzTV-də mədəniyyət sahəsindəki boşluqları dolduran bu iki proqram da özünü sevdirməyi bacarmışdı.  Musiqi poçtu adlanan "Arzular" əyləndirici funksiya daşısa da, "Retro" sırf maarifçi istiqamətdə fəaliyyət göstərirdi. Rejissor Ayaz Salayevin müəllif və aparıcısı olduğu "Retro"  Azərbaycan auditoriyasına bələd olmayan filmlər haqqında maraqlı detallarla zəngin idi.

Nostalgiya yaradan başqa proqramların da adını çəkək: "Dialoq",  "Günün ekranı", "Çay dəstgahı", "Evrika" (aparıcı Xudu Məmmədov), "Qoşma" (aparıcı Kamal Abdulla), "Tələbə klubu" , "Məktəblilərin şahmat klubu", "Yumoristik novellalar", "Ədəbiyyat və zaman", "Haqqın dərgahı"...

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/361672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR