Bakı, 8 avqust, AZƏRTAC
Avqustun 29-da Azərbaycanın əməkdar artisti, Moskva Böyük Teatrının solisti, soprano Dinara Əliyeva Ansi klassik musiqi festivalının qala-konsertində çıxış edəcək.
AZƏRTAC ifaçının saytına istinadla xəbər verir ki, o, Sankt-Peterburq Filarmoniyasının əməkdar kollektivi Rusiya Akademik Simfonik Orkestri ilə birgə ifa edəcək. Qala-konsert Fransanın Ansi şəhərinin Bonlyö teatrında keçiriləcək.
D.Əliyeva Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ və Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Kolmar (Fransa) və Praqada (Çexiya) “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib.
Soydaşımız Böyük Teatrda bir sıra klassik opera qəhrəmanlarının obrazlarını, eləcə də İohan Ştrausun “Yarasa” operettasında Rozalinda obrazını yaradıb. Konsertlərdə isə D.Əliyeva Azərbaycan və rus xalq mahnılarından, opera və operettalardakı ariyalardan tutmuş romans və cazadək müxtəlif əsərləri ifa edir.