Holland jurnalist Azərbaycan haqqında kitab yazır (FOTO)

Holland jurnalist Azərbaycan haqqında kitab yazır (FOTO)
18:28 26 Yanvar 2015
201 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi Hollandiyada 80 ilə yaxındır fəaliyyət göstərən “Nivon” İctimai Birliyi ilə birgə tədbir keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan həqiqətləri foto, video və şifahi məlumatlarla yerli ictimaiyyətin diqqətinə çatdırılıb və maraql qarşılanıb. Əvvəlcə “Nivon” təşkilatının rəhbəri İnqeborq Barnhorn tədbir iştirakçılarına “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi haqqında qısa məlumat verib.

Daha sonra iştirakçılara holland dilində Azərbaycan haqqında ətraflı məlumat verib, Azərbaycan tarixinin maraqlı və şanlı səhifələri ilə yanaşı, qanlı məqamlarını da faktlar və fotolarla təqdim ediblər. Bir neçə gün öncə 25 illiyi qeyd edilən 20 Yanvar hadisələri isə xüsusi vurğulanıb. Hadisənin səbəbləri, siyasi motivləri, xalqın başına gətirilən qanlı olaylar, eləcə də bu illər ərzində Azərbaycan xalqının və hökumətinin öz şəhidlərinə, azadlıq qurbanlarına göstərdiyi hörmət və ehtiram, bu hadisələrdən çıxarılmış nəticələr haqqında geniş bəhs olunub. Gənc diaspor nümayəndələri Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı, Azərbaycanın 20 faiz torpağının hələ də işğal altında qalması kimi faktları da tədbir iştirakçılarının diqqətinə çatdırıb.

“Ana Vətən” Birliyinin dəvəti ilə tədbirə qatılan müstəqil holland jurnalist Xert van Dam Azərbaycana səfərindən sonra qaçqınların üzləşdiyi çətinlikləri, yaşadıqları əzab-əziyyətləri və əsl həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə yerli mətbuatda dərc etdirdiyi yazıları ilə tanınır. Tədbirdə çıxış edən X.Dam Azərbaycan və azərbaycanlılar, onların başına gətirilən bəlalardan danışıb, Azərbaycanda olarkən görüb yaşadıqları barədə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirin digər iştirakçısı, azərbaycanlı jurnalistlərə təlim keçmək məqsədilə dəfələrlə ölkəmizdə olan yazıçı-jurnalist Jak Kruz isə Azərbaycan haqqında kitab yazdığını və yaxın vaxtlarda həmin kitabın təqdimatını keçirəcəyini bildirib. Bakı, Qobustan, Şamaxı, Quba, İsmayıllı, Qəbələ, Şəki, Lahıc, Kişdəki tarixi abidələrimizdən, palçıq vulkanlarından, hətta Naftalanın möcüzəvi neftindən söhbət açan yazıçı-jurnalist azərbaycanlıların mehriban, modern, təhsilli, qonaqpərvər və sülhsevər xalq olduğunu vurğulayıb.

J.Kruz, eləcə də Dağlıq Qarabağ probleminin hər iki xalqa vurduğu maddi-mənəvi, psixoloji zərbələrdən danışıb və hər zaman haqqın qalib gələcəyinə inamını qeyd edərək xalqımızı səbirli olmağa çağırıb.

Tədbirdə Azərbaycandakı iqtisadi, sosial inkişaf, quruculuq işlərindən bəhs edən sənədli film də nümayiş etdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR