"Turan"ın yeni məşqçisi: "Perspektivli gənclər çoxdu"

"Turan"ın yeni məşqçisi: "Perspektivli gənclər çoxdu"
18:42 26 Yanvar 2015
313 İdman
Ölkə mətbuatı
A- A+

Tovuz hələ SSRİ dönəmindən Azərbaycanın futbol məktəbi olub. “Neftçi”nin heyətində SSRİ çempionatında kifayət qədər tovuzlu futbolçular çıxış edib. Müshahibimiz “Neftçi” də çıxış etməyə imkan tapmasa da, dövrünün ən güclü qapıçılarından olub. Söhbət “Turan Tovuz”a yeni təyin olunan qapıçı məşqçisi Əli Əhmədovdan gedir. 


O tək futbolçu kimi yox, həm də məşqçi kimi Tovuz futboluna illərlə xidmət edib nailiyyətlər qazanıb. “Turan”ın qurucularındna biri də məhz odu. Uzun müddət Rusiyada yaşayan və yenidən vətənə dönən Əli müəllim “Turan Tovuz”un diqqətindən kənarda qalmayıb. Klubun rəsmi “Facebook” səhifəsinə müsahibə verən veteran futbolçu ilk olaraq keçmişi xatırlayıb:


- Futbola 6-cı sinifdə oxuyarkən Tovuz UGİM-də başladım. İlk məşqçim Zahid Əsgərov olub. 8-ci sinifdə oxuyarkən artıq Azərbaycan yığma komandasının heyətində idim. Düşənbədə keçirilən turnirdə ilk dəfə yığma komandnanın formasını geydim. 1972-ci ildə orta məktəbi bitirdikdən sonra “İdman” qəzetinin yeniyetmə və gənc futbolçular üçün təsis etdiyi müsabiqədə ən yaxşı qapıçı mükafatına sahib oldum. Çıxışım o vaxtlar Kirovabad adlanan Gəncənin “Dinamo” komandasının məşqçilərinin diqqətindən kənarda qalmadı və bu komandaya keçdim. Bu mənim üçün çox vacib idi. Məktəbi bitirdiyim il ustalardan ibarət komandaya çağrılmağım həm futbolçu karyerama müsbət təsir etdi, həm də Bədən Tərbiyə İnstitutuna qəbul oldum. O vaxt ali məktəblər arasında SSRİ birinciliyində dəfələrlə iştirakçı oldum. 1975-ci ildə Xarkovda keçirilən yarışda bürünc medalları da qazanmışdıq. Həmin il məni o vaxt SSRİ birinciliyinin 9-cu zonasında çıxış edən Bakının “Avtomobilçi” komandasına dəvət etdilər. Bir il sonra isə institutu bitirdim və Tovuza döndüm. Burada yerli “Məhsul”da forma geyməklə yanaşı, orta məktəbdə bədən tərbiyə dərsi də deyirdim. Daha sonra isə Gənclər İdman Məktəbinə məşqçi təyin olundum. 


- Qeyd etdiyiniz kimi, həm məşqçi, həm də futbolçu kimi kifayət qədər təcrübə toplamısınız. Bunu kimə borclusunuz?

- Mənim üçün Təvəkkül Hüseynov bir dahidi. Ondan çox şey öyrənmişəm tək futbolçu və şəxsiyyət kimi formalaşmağımda yox, əsl peşəkar məşqçi olmağımda da onun böyük əməyi olub.


- Məşqçi kimi ən böyük nailiyyətiniz hansı olub?

- İlk uğurum 1988-ci ildə Beyləqanda keçirilən “Qızıl Sümbül” yarışında “Məhsul” komandası ilə çempion olmağımdı. O vaxt bu yarış çox önəmli idi və çempion olmaq heç də asan deyildi. 


- SSRİ dövründə ölkənin bir nömrəli komandası “Neftçi” idi. Hər futbolçunun arzusu bu komandada çıxış etmək olub...

- Təbii ki, hamı kimi mən də “Neftçi”də çıxış etməyi arzulayırdım. Amma açığı deyim, o vaxt “Neftçi”də Sergey Kramarenko, Yuri Romenski kimi qapıçılar var idi. Belə olan halda mənim “Neftçi”nin əsas heyətinə düşməyim mümkünsüz idi. Bu komandada oynamaq imkanı qazanmasam da, karyeramın uğurlu alındığını deyə bilərəm. Həm məşqçi, həm futbolçu kimi. Təvəkkül Hüseynov, Gündüz Cəfərov, Tofiq Bəhramov kimi dahilərdən çox şey öyrənə bilmişəm. 


- Müstəqillik dönəminin ilk çempionatında da “Turan”da çalışmısınız...

- Bəli mütəqillik qazandıqdan sonra ölkə çempionatında iştirak edəcəyimiz məlum olan dəqiqədən etibarən komandanın içində olmuşam. Hazırda “Turan Tovuz”da çalışan Tahir Tağıyevlə birlikdə o komandanı topralamışıq. Daha sonra klub rəhbərliyi Ruslan Abdullayevi baş məşqçi postuna gətirməyi məqsədə uyğun saydı. 2 ildən çox  Ruslan müəllimlə birlikdə çalışmışam. Çox yaxşı komandamız var idi, ardıcıl 3 il medallar qazandıq. 


- Daha sonra Rusiyaya yollandınız. Səbəb nə idi?

- Daha çox ailə məsələləri ilə bağlı idi. İqtisadi, siyasi vəziyyət çox gərgin idi. Məhz buna görə də ölkədən getmək məcburiyyətində qaldım. 


- Orada futboldan kənarda qalmadınız?

- Hardasa 2-3 il Taqanroqda həm işləyirdim, həm də orada regional birincilikdə çıxış edən komandanı çalışdırdım. Mənim futbola bağlı adam olduğumu bildiklərinə görə kömək üçün dəvət etmişdilər. 


- Yenidən futbola qayıtmaq yəqin ki, sizi də sevindirir?

- Təbii ki, mən futbolla yaşan insanam. Futbolda təsadüfi biri deyiləm. “Turan Tovuz” klubunun məni diqqətdə saxlaması da mənim üçün ayrı bir sevinclidi. Uzun illər əziyyət çəkdiyim Tovuz futboluna yenidən xidmət göstərəciyim məsuliyyətimi  daha da artırır. Özümü hazır sayıram. İnanıram ki, rəhbərliyin və kollektivin etimadını doğruldacam. Gənclərə öz təcrübəmi aşılamaq, onların inkişafına xidmət etmək üçün səylə çalışacam.


- Artıq 10 gündü ki, əsas komanda ilə məqşlərdə iştirak edirsiniz. Komandada olan qapıçılar haqda nə deyə bilərsiniz?

- Sərəncamımda 3 qapıçı var. Hər üçün də perspektivli uşaqlardı. Məşqlərdə səylə çalışır, yeni nə isə öyrənməyə can atırlar. Əminəm ki, onlar tək “Turan Tovuz” üçün yox, milli komandalar üçün də faydalı olacaqlar. 


- Yetirmələrinizdən kimləri qeyd edə bilərsiniz?

- Milli komandamızın da şərəfini qorumuş Hüseyn Məhəmmədov məhz mənim yetirməm olub. Nizami Sadıqovun da formalaşmasında köməyim olub. Ümumiyyətlə Tovuz daim güclü futbolçuları ilə ad çıxarıb. O vaxt “Azərbaycanın Braziliyası” kimi tanınırdı. SSRİ dönəmində “Neftçi”də də kifayət qədər tovuzlu çıxış edib. 


- Bu ənənə müstəqillik dönəmində də davam edib. Milli komandalarda və güclü klublarımızda da xeyli tovuzlu futbolçu çıxış edib, ad qazanıblar...

- Doğrudu dediyim kimi bura futbol məktəbidi, bulaqdı. Hazırda da gördüklərim məni çox sevindirir. İstər əsas komandada, istərsə də aşağı yaş qrupları üzrə komandalarımızda gələcəkdə Tovuz futbolunu layiqincə təmsil edəcək perspektivli gənclər kifayət qədərdi. Biz də onların yetişməsi, üzə çıxması üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotturanquotn-yeni-mqcisi-quotperspektivli-gnclr-coxduquot-t17812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR