Azərbaycan xarici işlər naziri Slovakiyanın baş naziri ilə görüşüb

21:27 26 Yanvar 2015
98 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 21:21 ]

Bakı-APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri Robert Fiko ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə baş nazir Robert Fiko iki ölkə arasındakı əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin daha da inkişafına töhfə verdiyini diqqətə çatdırıb.

 

Azərbaycanın bu ilin 12-28 iyun tarixlərində ilk Avropa oyunlarına ev sahibliyi edəcəyinə sevindiklərini deyən Robert Fiko ölkəsinin bu idman yarışında iştirakına böyük əhəmiyyət verdiyini və Slovakiyanın 100-dən artıq idmançı ilə Avropa oyunlarında iştirak edəcəyini bildirib. O, Azərbaycanın Avropanın enerji təminatında mühüm rol oynadığını qeyd edib.

 

Elmar Məmmədyarov ölkələr arasında iqtisadi-ticarət, enerji, turizm və humanitar sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün əlverişli imkanların olduğunu qeyd edib və biznes dairələri arasında birbaşa əlaqələrin yaradılmasının və biznes forumlarının keçirilməsinin vacibliyini vurğulayıb. Slovakiyanın enerji tranzitində əlverişli mövqeyə malik olduğunu deyən nazir bu sahədə iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

 

Görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR