İstanbul, 15 avqust, AZƏRTAC
Almaniya 2016-cı ilin yanvarında Türkiyənin Kahramanmaraş bölgəsində yerləşən “Patriot” hava hücumundan müdafiə komplekslərinin və bu sahədə xidmət edən 250 hərbçinin bölgədəki fəaliyyətinə xitam verəcək.
Anadolu Agentliyinin məlumatına görə, Almaniya bu qərarı Suriya ərazisindən Türkiyəyə qarşı ballistik raketlərdən istifadə olunması təhlükəsinin azalması ilə əlaqələndirib. Bildirilir ki, təxminən 100 nəfərlik alman hərbçi heyəti İŞİD terrorçu qruplaşmasından müdafiə olunmaq məqsədilə İraq ordusuna və bu ölkənin şimalındakı kürd muxtarlığının hərbi birləşmələrinə təlimlər keçəcək.
Xatırladaq ki, Almaniyaya məxsus “Patriot” hava hücumundan müdafiə kompleksləri NATO çərçivəsində 2012-ci ildən Türkiyənin Kahramanmaraş bölgəsində yerləşdirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul