Narazılar Əli Kərimlini ifşa edib, legitimliyini əlindən almaq istəyirlər

AXCP sədrinin keçmiş müavini Razi Nurullayev və bir qrup narazı cəbhəçilər avqustun 19-da mətbuat konfransı keçirərək yeni hərəkata başladıqlarını elan etdilər. Yəni narazılar yeni partiyada birləşdilər. Ancaq onlar AXCP adına iddia edirlər. Bildiriblər ki, ya Əli Kərimli partiya sədrliyindən getməlidir, ya da onlar Ədliyyə Nazirliyinə müraciət edib hüquqi təmsilçilik üzərində mübarizə aparacaqlar.

Əli Kərimli milli maraqları satmaqla məşğuldur

AXCP-çilərin yaydıqları bəyanat isə daha kəskin idi. Bəyanatda qeyd edilir ki, Əli Kərimli bəzi xarici qüvvələrin əlində oyuncağa çevrilərək partiya maraqlarını da vicdansızcasına satmaqla məşğuldur. Bu kimi şəxslər uzun müddət səmimi cəbhəçiləri aldatmış, bununla da xalqa və ümumi dəyərlərə xəyanət etmişlər.
Sənəddə göstərilir ki, yeni AXCP Əli Kərimlinin rəhbərlik etdiyi partiyada daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi hərəkətlərinə etiraz əlaməti olaraq mübarizəyə başlayır.
Göründüyü kimi, AXCP-nin daxilindəki növbəti parçalanma Əli Kərimlinin "fəaliyyətinin" konkret nədən ibarət olduğunu açıq şəkildə ortaya qoydu. Cəbhəçilər onun əməllərinə artıq dözmürlər.
Bu ilin fevral ayında partiyadan istefa verəndə Razi Nurullayev maraqlı məqamlara toxunmuşdu. Əli Kərimlinin şəxsi kooperativinə çevrilən AXCP-də baş verənləri mətbuata açıqlayan R.Nurullayev demişdi ki, bu şəxs təşkilatda uzun müddət çalışan insanları müxtəlif bəhanələrlə bir-bir kənarlaşdırır. Növbəti qurban isə onun özü olub. Partiyada onun sözünü deməyən, söylədiyi fikirləri təkrarlamayan, sosial şəbəkələrdə yazdığı statusları paylaşmayan partiya üzvləri müxtəlif yollarla təşkilatdan uzaqlaşdırılırlar. Onun fikrincə, AXCP-nin hazırda apardığı "mübarizə" müxalifətdaxilidir. Bunun nəticəsində isə partiya xalqdan aralı düşüb, xalqla təmas tamamilə qırılıb və hətta keçirdikləri mitinqlərə belə insanları məcburən, xahiş-minnətlə cəlb edirlər. Bütün bunları açıq şəkildə etiraf edən R.Nurullayev vurğulamışdır ki, 9 milyon xalqın hətta 20-30 mini onların təşkil etdiyi mitinqlərə gəlmirsə, deməli, AXCP xalqdan ayrı düşüb.

Əli Kərimlinin "siyasi" fəaliyyəti insanların istismarına yönəlib

R.Nurullayev AXCP-nin xalqdan ayrı düşməsini 2015-ci ilin fevral ayında etiraf etsə də, hər kəsə bəllidir ki, bu partiya yalnız Azərbaycanın milli maraqlarına və dövlətçiliyə qənim kəsilən vaxtdan xalqın etimadını itirib. Əslində, bu partiya 2000-ci ilin avqust ayında mərhum Əbülfəz Elçibəylə birlikdə dəfn olunub. Əli Kərimli Ə.Elçibəyə xəyanət edərək AXCP adına yiyələnib siyasi dəllallıqla məşğul olmağa başlayıb. Partiyada avtoritar rejim yaradıb, "Azadlıq" qəzetinə baş redaktorluq edir, partiya üzvü olan qadınlara qarşı xüsusi kampaniya həyata keçirir (videogörüntülər çəkdirməklə həmin insanları özündən asılı vəziyyətə salır) və əleyhinə çıxan insana "tələ qurur". Özü heç bir yerdə işləmir. Amma oğlu Londonda ən bahalı universitetdə təhsil alır. İki uşağı Bakıdakı Oksford məktəbində oxuyur. Bütün bunların xərcini necə ödəyir? Partiya üzvləri isə aylarla əməkhaqqı üzü görmürlər. R.Nurullayev hələ 6 ay öncə demişdi ki, narazı çəbhəçiləri ətrafına toplayıb Əli Kərimliyə və onun şəxsi kooperativinə qarşı mübarizə aparacaq: "Əli Kərimli məndən canını qurtara bilməyəcək. Bunu qarşıma şərt qoymuşam. Əlimdə yetərincə məlumatlar, faktlar var. Ya hər şeyi kənara atıb doğru yola gələcək, ya da siyasətdən gedəcək". Avqustun 19-da R.Nurullayev məqsədini açıqladı və Əli Kərimlini növbəti dəfə ifşa etdi. Bir daha bəlli oldu ki, Əli Kərimlinin "siyasi" fəaliyyəti insanların istismarına yönəlib.

Tarixin ironiyası - 23 illik uğursuzluğun acı sonu

Mətbuat konfransında narazıların bəyanatını keçmiş cəbhəçi Ehtiram Mehdiyev səsləndirib: "Biz, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də daxili demokratiyanın boğulmasına, partiyanın bir şəxsin iradəsinə tabe edilməsinə, əks və alternativ fikrin rədd edilməsinə, üzvlərin təzyiqə məruz qalmasına, partiya sıralarından ləkələnərək uzaqlaşdrılmasına etiraz əlaməti olaraq bir araya gəlir və uzun illər uğrunda mübarizə apardığımız əsl AXCP-ni bərqərar edirik. Bizi zor gücünə partiyadan uzaqlaşdırmaq və bir şəxsin əsassız ambisiyalarının qurbanı etmək olmaz".
Əslində, bəyanatda yer alan fikirlər AXCP-də çoxdan həyata keçirilən oyunlardır. Sadəcə olaraq, narazılar baş verənləri indi dilə gətirirlər. Bu partiyadan istefa verənlərin əksəriyyəti eyni sözləri söyləyir. Ancaq məcburən Əli Kərimlinin yanında qalanlar keçmiş partiyadaşlarının fikirlərini təkzib etməklə partiya sədrinə "yarınırlar". Bir zamanlar AXCP-nin Gənclər Təşkilatının sədri olmuş Ruslan Bəşirli də bu məsələyə münasibət bildirərək deyib: "Tarixin ironiyasına bax ki, dünən biz düşüncə tərzlərinə görə AXCP-də ola bilməyəcəyimizi deyərək partiyanı tərk edəndə, bizi ittiham edənlər indi üsyana qalxıblar. Belə də olmalı idi. Axı, 23 illik uğursuzluğun bir sonucu olur".

İndi isə Razi Nurullayev, Ehtiram Mehdiyev, Rafiq Daşdəmirli, Səbuhi Əliyev, Rəfael Becanov, Vəli Xramçaylı, Cavid Musazadə, Ələddin Kəsəmənli, Teymur Kərim, Fəxri Abduləzimov və digərləri bir araya gəlib Əli Kərimlinin legitimliyini əlindən almaq istəyirlər.
Görünən isə odur ki, AXCP-də baş verən növbəti "üsyan" Əli Kərimliyə baha başa gələcək. Başqa cür də ola bilməz. Millətə xəyanət edən Leyla və Arif Yunusları müdafiə edən şəxsi qarşıda acınacaqlı vəziyyət gözləyir.

"Azərbaycan" qəzeti