Qubad İbadoğlu: “Müsavat rəhbərliyinin bizim təklifimizə münasibəti Bakı Şəhər İcra Hakimiyyətinin cavabları ilə eynidir”

Qubad İbadoğlu: “Müsavat rəhbərliyinin bizim təklifimizə münasibəti Bakı Şəhər İcra Hakimiyyətinin cavabları ilə eynidir”
13:37 27 Yanvar 2015
132 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 13:34 ]

Bakı. Etibar Məmmədov – APA. “Yanvarın 31-də partiyadaxili məsələlərin müzakirə olunması ilə bağlı irəli sürdüyümüz təklifə münasibət Bakı Şəhər İcra Hakimiyyətinin bizə verdiyi cavablara bənzəyir. Biz dəfələrlə yürüş və mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin cavablarını tənqid etmişik. İndi isə, eyni cavabın Müsavat rəhbərliyindən alınması təəccüb doğurur”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu deyib.

 

Xatırladaq ki, Q. İbadoğlu yanvarın 31-də Müsavat rəhbərliyinə partiyada yaranmış vəziyyətin birgə müzakirəsini təklif edib və bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlıya müraciət edib. G. Aslanlı isə həmin gün Məhəmməd Əmin Rəsulzadə ilə əlaqədar anım tədbirləri keçiriləcəyini əsas gətirərək təklifə qarşı çıxıb.

 

Q. İbadoğlu təklifinə bu cür münasibəti və partiya rəhbərliyinin nədən narahat olduğunu anlamadığını söyləyib: “Biz təklif vermişik ki, yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət etdikdən sonra Müsavat Partiyasında barışıq, həmrəylik və birlik naminə müzakirələr keçirək. Bununla Rəsulzadənin də ruhu şad olar. Bunu kimsə başqa cür qiymətləndirirsə, mən bunu anlaya bilmirəm. Mən inanmıram ki, Müsavat rəhbərliyi müsavatçıların partiyanın qərargahında toplaşmasından narahat olar, buna müəyyən çətinlik yaradar. Çünki bu, hər bir partiya üzvünün haqqıdır. Mən bilmirəm nədən narahatdırlar? Burada Müsavat Partiyasının Nizamnaməsi əsas götürülürsə, hansısa narahatlığa ehtiyac varmı? Bu müzakirələr, müsavatçıların bir-biri ilə görüşməsi Nizamnamə pozuntusu kimi qiymətləndirilə bilərmi?! Müsavat üzvlərinin bu istiqamətdə təkliflər vermək, təşəbbüslə çıxış etmək hüquqları var və bunu Nizamnamə də tanıyır. Eyni zamanda bu müzakirələr partiyadaxili demokratiyanın inkişafına töhfə vermək məqsədi daşıyır”.

 

Q. İbadoğlunun sözlərinə görə, Müsavat Partiyası daxilində son vaxtlar sakitlik yaranmışdı, ancaq Sumqayıt şəhər təşkilatı Ənvər Əhmədi partiyadan uzaqlaşdırmaqla bu sakitliyi pozdu: “Bu gün Müsavat Partiyasında öz fikrini azad şəkildə ifadə edən şəxslərin cəzalandırılması narahatlıqlara səbəb olur. Bu baxımdan tədbir həmin narahatlıqların aradan qaldırılmasında da faydalı ola bilər”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370514

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR