Şəkidə keçirilən "Nagara 2015" Zərb Alətləri Festivalı çərçivəsində ilk ustad dərsləri keçirilib.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Yuxarı Karvansarayda İranın "Lian" qrupu tərəfindən keçirilən dərslərdə bu ölkənin musiqisi, ritmləri və zərb alətləri barədə ətraflı məlumat verilib. Tarixən qonşu olan iki ölkənin musiqisində oxşar və fəqli cəhətlərdən danışılıb. Bu mövzuda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qonaqların öz ifa tərzi və İran milli musiqisi barədə verdikləri məlumat iştirakçılarda müsbət təəssürat oyadıb. Qeyd edək ki, "Nagara 2015 " Beynəlxalq Zərb Alətləri Festivalı çərçivəsində bu gün İranın "Lian" qrupu Yaşıl Teatrın arenasına çıxacaq.

"Lian" qrupunun üzvü Aka Səfəvi: "Mənim fikrimcə, ritm hər bir xalqın mədəniyyəti, musiqisi, ədəbiyyatını əks etdirir. Biz ritm vasitəsilə bir-birimizi yaxından tanıya bilərik. Ritm həyatdır, ritm ürək döyüntüsüdür, ritm mənəvi birlik deməkdir. Şəki barəsində də onu deyə bilərəm ki, bizim musiqimizdə "Şəki" adlı ritm növü mövcuddur. Bunun sizin şəhərin adı ilə hansısa bağlılığının olduğunu deyə bilmərəm. Hər halda, Şəkidə təşkil olunan bu tədbirin iştirakçıları arasında olmaqdan məmnunuq. Ümid edirəm ki, bu tədbirlər davamlı surətdə təşkil olunacaq və iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək."

Milli.Az