Play Store

Qüdrət Həsənquliyev: "Heç kim taleyindən qaça bilməz"-YUBİLEY MÜSAHİBƏSİ

Qüdrət Həsənquliyev: "Heç kim taleyindən qaça bilməz"-YUBİLEY MÜSAHİBƏSİ
16:34 27 Yanvar 2015
855 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bir onu bilirəm ki, vicdanla işləmişəm"

Qabil Abbasoğlu tapşırığı belə verdi:

 

- Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin 50 yaşı tamam olur. Elə müsahibə olsun ki...

 

- Başa düşdüm. 50+ müsahibə?

 

- Daha özün bildin!

 

Mən bildim, oxuculara da izah edim. “50+” o demək idi ki, hər şeydən danışın, amma siyasətdən yox. Yəni keçmişdən və gələcəkdən...

 

***

 

- Bu gün şənbədir. Amma siz işdəsiniz. Bu işin çoxluğundan irəli gəlir, yoxsa...

 

- Altı gün işləməyə vərdiş etmişəm. Hesab edirəm ki, dincəlmək üçün bir gün yetərlidir.

 

- Şənbə söhbəti olsa da, işlə bağlı bir sual vermək istəyirəm. Heç bir partiyanın üzvü deyiləm. Mətbuatdan izlədiyimdən belə görünür ki, adətən partiyalarda armudu stəkanlarda çaylar içilir, görüşlər keçirilir, çox vaxt ölkə daxilind baş verənlərə toxunulmur, ölkə xaricindəki məsələlərə bağlı mətbuata uzun-uzun açıqlamalar verilir və s. Partiyada ayrı nə baş verir?

 

- Bu ictimaiyyət üçün maraqlı olan hissəsidir. Amma iş çoxdur. Partiya üzvlərinin yaxınlarının, şəxsi tanışların, seçicilərin, başqa ictimaiyyət nümayəndələrinin problemləri var. Mənim aldığım şikayətlərin 80 faizi Ordubad və Culfadan, yəni öz seçicilərimdən deyil. Bütün bölgələrdən müraciət edirlər. Çünki mən təkcə bir rayonun millət vəkili yox, həm də partiya sədriyəm.

 

- Görüşə gələrkən həmkarlarım arasında “Qüdrət Həsənquliyevi necə tanıyırsınız” deyə kiçik bir sorğu apardım. Ən çox iki fikir yadımda qaldı. Biri - dedilər etibarlı adamdır...

 

- Etibarlılıq ailədən gəlir. Mən belə tərbiyə almışam. Uşaq vaxtı çoxlu bədii kitablar oxuyur, özümü o qəhrəmanlara oxşatmağa çalışırdım. Doğrudan da dostlarım üçün hər cür fədakarlığa getməyə hazıram.

 

- İkinci fikir isə belə oldu – özünü mətbuat üçün əlçatmaz saxlayır. Niyə? Nəinki hakim, heç müxalifət partiyasının da sədri deyil.

 

- (Gülür) Burada da həqiqət var. Çalışıram jurnalsitlər mobil telefon nömrəmi bilməsinlər, mənimlə ünsiyyət bir az çətinləşsin. Ona görə ki, Azərbaycanda çoxlu sayda mətbu orqan, jurnalist var. Bəzi deputat yoldaşlarım var, biz söhbət edəndə görürəm telefonları bir dəqiqə susmur. Özü də bütün jurnalistlərin suallarına cavab verirlər. Düşünmürəm ki, partiya sədri ən kiçik, bir çox hallarda hətta ona aid olmayan məsələlərə də münasibət bildirməlidir. Millət vəkilinin siyasətdə, sosial həyatda və s. baş verənlərə qarşı öz mövqeyi olmalıdır. Mən ixtisasca hüquqşünasam. Amma bəzən görürsən bəziləri təbabətdən danışır və yaxud ağla gəlməyən mövzuların müzakirələrinə qatılırlar. Hesab edirəm ki, orda peşəkarların olması daha yaxşıdır.

 

- Siz heç hüquqşünas kimi də mətbuata açıq deyilsiniz.

 

- Mən axı qısa bir müddətdə prokurorluq orqanlarında çalışmışam. Sonra isə özümü böyük siyasətə həsr etmişəm. Amma hüququ məsələlərlə bağlı, xüsusən də mənim ixtisasım olan cinayət hüququ ilə bağlı müzakirələrdən heç zaman qaçmıram. Hətta yeri düşəndə cinayət hüququ ilə bağlı mütaliə edirəm.

 

 

- Mütaliə demişkən, gələk o bayaq dediyiniz özünüzü qəhrəmanlarına oxşatmağa çalışdığınız kitablara. Əsasən nələri oxuyurdunuz?

 

- Kəndin kitabxanasında nə qədər kitab varsa, üç ay yay tətili ərzində oxuyurduq. Bizim kitab oxumağımız üçün çox yaxşı imkanlar da var idi.

 

- Məsələn...

 

- Elə vaxt olub ki, iki günə 300 səhifəlik, bəlkə də daha artıq bir romanı oxuyub bitirmişəm. Surətlə oxuyurdum. İndi isə çox təəssüf, vaxt yoxdur...

 

- Amma yenə də masanızda kitab var...

 

- Bəli, indi “Soft Power”i oxuyuram. Artıq ingiliscə mütaliə edirəm. İstəyirəm dilim inkişaf etsin. Millət vəkili, xüsusi ilə də NATO Parlament Assambleyasına üzv seçilındən sonra hiss etdim ki, xarici dilsiz mümkün deyil. Rəsmi iclaslarda tərcüməçilər var, amma kluarlarda öz həmkarlarınla söhbət etmək üçün dili bilməlisən. Bəzən kluarlarda edilən söhbətlər daha əhəmiyyətlidir. Çünki iclaslardakı söhbətlərdə çox vaxt siyasətçilər real həqiqəti söyləmirlər. Stenoqram yazılır, olur ki, fikirləri ölkələrinin rəsmi mövqeyi kimi nəzərə alınır və s.

 

Ümumiyyətlə, rəqabətə davamlı kadr olmaq lazımdır. Amma dil bilmək heç də hər şeyi həll etmir. Sən yaxşı siyasətçi, yaxşı alim olmalı, əlavə şərt kimi də xarici dil bilməlisən.

 

- Deməli ingilis dilini parlamentə gələndən sonra öyrənməyə başlamısınız...

 

- 2003-cü ildə, 38 yaşım var idi. Vaxt məhdudiyyətim var idi, ancaq yenə də çalışırdım axşamlar evə gələndə məşğul olum. Bu gün kluarlarda istənilən mövzunu müzakirə edə bilirəm. Yəqin ki, bundan sonra rəsmi tədbirlərdə çıxış etməkdən də çəkinməyəcəyəm. Amma hələ ki, bir az psixoloji baryer var.

 

Gərgindi, daha çox siyasətdən danışır. Onu 38 yaşına qaytarmaq üçün xeyli əziyyət çəkdim. Təxminən bir saata qədər də xaricdə təhsil alan tələbələr haqda danışandan sonra, çətinliklə, hətta əzabla gedib Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndinə çıxırıq.

 

- Təəssüf, atamı çox erkən itirmişəm. Onunla olan söhbətlərin hamısı yadımdadır. Bəlkə də indi sağ olsa, o söhbətləri unudardım... Biz ona əmi deyirdik...

 

- Niyə?

 

- Bir əmim müharibədə həlak olub və onun qızını atam öz övladı kimi böyüdüb. Biz də göz açanda Gülsümün dili ilə atama əmi demişik. Anamıza da ana yox, Əminə demişik...

 

- Yenə Gülsümün dili ilə?

 

- Bəli. Anam bunu çox xoşlayırdı. İndi də qızımın adı Əminədir...

 

- Ailəniz böyük idi?

 

- On uşaqlı ailədə böyümüşəm. Böyük qardaşım, sonra altı bacım, mən və iki qardaşım. Bizdə böyük uşaqlar özündən kiçiyin təhsili ilə maraqlanıblar. Bunun da nəticəsidir ki, ailədə hamı oxuyub.

 

Bizim ailə çox mütərəqqi ailə olub. Məsələn, bizim kənddə öz qızının Bakıda ali təhsil almasına icazə verən ilk adam mənim atamdır. Söyləyirdi ki, hiss edirdim bir çox adamlar bunu bəyənmir. Deyirlər, qız uşağı neynir təhsili? Bacılarım hamısı həkimdir... Atamsa deyirdi oğlan gedib çətin sahələrdə işləyə, ailəsini dolandıra bilər. Qız isə ərə getdi, birdən ailəsinin başına bir iş gəldi, uşaqlarını necə saxlayacaq? Qızın ali təhsil alması oğlandan vacibdir...

 

Kənd camaatı boş vaxtlarında çayxananın qabağına toplaşırdı. Atam onlara deyirdi ki, başa düşürəm, çoxunuzun ali təhsil almaq imkanı mümkünsüzdür, amma heç olmasa qəzet-kitab oxuyun. Beş il gündəlik mətbuatı oxuyan şəxs ictimai humanitar təhsil alıb, deyirdi...

 

 

- Bu fikir çox xoşuma gəldi. Necə hesab edirsiniz, bu günkü mətbuatı neçə il oxumaq lazımdır ki, ali təhsil...

 

- (Gülür) Biz Azərbaycan dilində hansısa sözün yazılışını bilməyəndə dərhal qəzetləri qabağımıza töküb o sözü axtarır, düzgün yazılışını öyrənirdik. Ola bilməzdi ki, qəzetdə bir söz düzgün yazılmasın.

 

- İndi nəinki qəzet, məktəb dərsliklərində səhvlər var...

 

- Bəli. Haqlısınız.

 

Nahaq bu günün mətbuatından söz saldım, heç yeri idi? Oysa Culfanın Əbrəqunus kəndinə böyük məşəqqətlə gedib çıxmışdıq. Dərsliklərdən Qurana, Qurandan cahilliyə, cahillikdən dini ekstrimizmə, dini ekstrimizmdən erkən evliliyə, erkən evlilikdən mentalitetə, mentalitetdən rüşvətə, rüşvətdən xəyanətə keçdik və mən bütün bu mövzuların arasından kəndə yol axtararkən, o qəfil qayıtdı:

 

- Mən kimyadan olimpiada qalibi olmuşam.

 

- Kimyaçı hüquqşünas?

 

- Məktəbdə heç kim bilmirdi ki, kumya olimpiadasının qalibi hüquqşünas olmaq istəyir. Bir epizodu danışım. Məktəbimizin direktoru var idi, Heydər müəllim. Orta məktəbdə birinci buraxılış imtahanıdır. Direktor, dərs hissə müdiri və bir neçə hörmətli müəllimimiz sinfə girdi. Ayağa qalxdıq, direktor əli ilə işarə etdi ki, oturun. Dedi, “Həsənquliyev, çıx lövhəyə”. Düşündüm axı mən heç nə eləməmişəm...

 

Sən demə, olimpiada qalibi olmağımla bağlı diplomum göndərilib məktəbə. Orda mənə diplomu təqdim etdilər. Mənim üçün yaddan çıxmayan səhnə idi. Sonra elə oldu ki, orta məktəb imtahanlarını verdim, qızıl medal verməmək üçün Azərbaycan dili və ədəbiyyatdan bir dörd yazdılar. Axı qızıl medal üçün təhsil şöbəsinə iki min pul verməliydin... Bu rəqəm bizim ailəmiz üçün fantastik rəqəm idi...

 

Məktəbi bitirdim, amma heç sənədlərimi məktəbdən götürmədim.

 

- Niyə?

 

- Naxçıvandan Bakıya gəlmək xərc idi. Burada hardasa bir aya qədər yaşamaq lazım idi. Mənim üçün bütün bunlar problem idi. Bir gün həyətdə idim, gördüm dərs hissə müdiri ilə direktor girdilər içəri, özümü itirdim. Mən axı qonşu kənddə oxumuşam. Məşhur Bənənyar kəndində...

 

- Sizin kənddə məktəb yox idi?

 

- Bənənyar kəndindəki məktəb kimya təmayüllü idi. Bacım da Tibb Universitetinə hazırlaşdığı üçün atam onu qonşu kəndə göndərirdi. Mən humanitar fənnlər üzrə hazırlaşsam da, bacım tək getməsin deyə, ona qoşulurdum.

 

 

- Atanız Naxçıvanın soyuğunda qızını təhsil üçün qonşu kəndə göndərirdi?

 

- Bəli. Təsəvvür edin. Atam o qədər mütərəqqi insan idi ki, kənddə ona müəlimlər müəllimi deyirdilər. Həyətimizə çox sayda insanlar gəlir, ondan məsləhətlər alırdılar. Bu adı müdrikliyi və xeyirxahlığı ilə qazanmışdı. Ağıllı məsləhətlərinin şahidiyəm.

 

- Bəs məktəb direktoru Heydər müəllim necə, bir gün gəldi sizə...

 

- Hə, onun uşaqları vurmağı da var idi. İndi uşaqların döyülməsini qəbul etmirik. Amma o dövrdə bu var idi və əminliklə sizə deyirəm ki, valideynlər bunu pis qarşılamırdılar. Bilirdilər ki, o uşaqları xəsarət alacaq qədər bərk vurmurdu və ləyaqətini alçaltmırdı. Məsələn, girdi bizim həyətə, özümü itirdim. Axı müəlimlərə allah kimi baxırdıq. Həyətdə dəmir tor var idi. Biz həyətimizdə üzüm yetişdirirdik. Yığıb zavoda təhvil verir, onun hesabına çoxlu pul alır, o bu pulu hissə-hissə xərcləyirdik. O dəmir tora ağacın nazik qanadlarını taxmışdıq ki, cücələr o tərəfə keçib üzümü yeməsin.

 

Məni çağırdı ki, niyə gəlib attestatını götürmürsən? Dedim qəbula getməyə hazırlaşmıram. Səsini qaldırdı ki, sənin başın xarab olub? Necə yəni hazırlaşmıram... Dedim mən istəyirəm hüquq fakültəsinə gedəm, ora da staj lazımdır. Bu vaxta qədər Heydər müəllim elə bilirdi ki, mən kimyaçı olacağam, əmin idi ki, olimpiada qalibi kimi dərhal qəbul olunacağam. Əlini atıb o cücələr üçün taxdığımız çubuğun birini yerdən çəkdi. Xasiyyətini bilirəm axı, bildim ki, məni döyəcək. İki addım geri atdım, məsafə saxladım ki, çubuq mənə çatmasın. Dedi bura gəl, təzədən iki addım yaxınlaşdım. Çox əsəbi formada dedi: “Bir böyüyün yoxdur səni başa salsın ki, sən hüquqşünas olmamalısan. Kimya üzrə getməlisən, sən orda lazımsan”.

 

- Siz nə dediniz?

 

- Nə deməyimdən asılı olmayaraq elə əsəbi idi ki, dediklərimin heç birini qəbul etmirdi. Çubuğu göyə qaldırıb endirəndə döndüm və çubuğun ucu çiynimə dəydi. Çubuğun ucu çiynimə dəysə də, bu gün o insanı məhəbbətlə yad edirəm.

 

- Çubuq necə, bir işə yaradı?

 

- Yox, artıq qərarımı vermişdim...

 

- İndi oğlunuz çiynində çubuq izi ilə evə gəlsə...

 

- Hmm..

 

- Əminəm ki, səhər məktəbə müəllimdən tez çatarsınız...

 

- Açığını deyim ki, mən nəinki uşağın, ümumiyyətlə, şiddətin əleyhinəyəm. Məktəbə gedib mütləq bunun səbəblərini araşdıraram. Amma mütləq baxaram o müəllim kimdir. Əgər çox savadlı və təcrübəli bir müəllimdirsə, cəzalandırılmasına cəhd etmərəm. İnandırmağa çalışaram ki, bunu tək mənim oğluma yox, heç kimin uşağına qarşı etməsin.

 

- Övladlarınız neçənci sinifdə oxuyurlar?

 

- İkisi də 8-ci sinifdə oxuyur. Oğlum Orxan imtahan verib bir il qabağa keçib. Bacısı Əminə ilə bir yerdə oxuyurlar. İkisi də çox yaxşı oxuyurlar, ingilis və rus dilini təmiz bilirlər. Biz də onları kitab oxumaları üçün çox təşviq edirik. Mənim vaxtım olmur, amma anaları onları kitab mağazasına aparır və oxuyacaqları kitabları özləri seçirlər. Uşaq ədəbiyyatından təbii ki... Düzdür, vaxtım yoxdur, amma özüm də uşaqlıqda oxuduğum ədəbiyyatı yenidən oxumağa çalışacam. Əminəm ki, indi orda çox şey kəşf edəcəm.

 

- Oxuyacağınız ilk üç kitab hansılar olacaq?

 

- Yəqin birinci “Ovod”u oxuyacağam. Sonra Hüseyn Cavidi. İndi deyəcəksiniz naxçıvanlıdır deyə belə deyir, bir də Mirzə Cəlili oxuyacağam. Bizim xalqı, cəmiyyəti başa düşə bilmək üçün Mirzə Cəlil hamının stolüstü kitabı olmalıdır. Uşaqlarıma da məsləhət görürəm ki, siz Sabiri və Mirzə Cəlili oxuyun. “Danabaş kəndinin əhvalatları”nı oxuyanda nə hisslər keçirdiyimi indi deyə bilmərəm. “Ovod”u isə oxuyanda təsadüfən bacım qapını açıb içəri girdi. Gördü ki, kitab əlimdə oturmuşam, gözlərimdən yaş axır. Başladı gülməyə ki, kitab oxuyub ağlayırsan... Çox pərt oldum ki, məni ağlayan yerdə gördü. Tez gözümün yaşını sildim. Dedim sən oxusan, sən də ağlayacaqsan. Xeyli güldü, zarafat elədi...

 

Sonra “Ovod”u bitirib, bacıma verdim ki, oxu. Hara getsəm də çalışırdım onu izləyəm. Yəni bir gözüm bacımın üstündə idi, nəzarətdə saxlayırdım, pəncərədən baxırdım. Nəhayət ki, ağlayanda tutdum. Sonra da mən başladım ki, sənə deyirdim axı ağlayacaqsan... Təəssüf ki, indi bədii ədəbiyyat oxumağa vaxtım yoxdur. Daha çox siyasi kitablar oxuyuram. Televizor və internet vaxtımı daha çox alır.

 

- Aktiv internet istifadəçisi deyilsiniz...

 

- Bir dəfə Facebookda hesab açdım, iki həftə sonra bağladım. Hiss etdim ki, çox zamanımı alır. Twitter hesabım var, orda da bir çox hallarda xarici ölkə rəsmilərinin, dövlət adamlarının müxtəlif hadisələrlə bağlı fikirlərini oxuyuram, amma özüm heç nə yazmıram.

 

- İzləyirsiniz, amma yazmırsınız. Niyə?

 

- Lazım biləndə mətbuat xidmətinə açıqlama verirəm. Düşünürəm ki, partiya rəhbəri, ya siyasətçi çalışmalıdır hadisələrin təsiri altında, emosional durumda olanda dərhal münasibət bildirməsin. Sonra peşman ola bilər. Hiss edirəm ki, hər hansı məsələyə bir az emosiyasız münasibət bildirmək daha doğru olar.

 

- Məsələlərə emosiyasız münasibət bildirmək qarşıdan gələn 50 illik yubileylə bağlıdır?

 

- (Gülür) Sözsüz. Gəncliyin öz xüsusiyyətləri var. Bir dəfə Kələkidə, Əbülfəz bəyin qohumu Xumar xanımgildəydik. Bəy, çox vaxt görüşlərini onun evində keçirirdi, öz evi çox kiçik idi. Bir dəfə Əli Kərimli ilə Elçibəy stolun ətrafında üz-üzə oturublar. Bəyin yanında da mən oturmuşam. Əli ilə Elçibəyin arasında bir məsələ ilə bağlı fikir ayrılığı oldu və bu polemika bir az xoşagəlməz tonda davam etdi. Belə olan halda Elçibəy əlini atıb “Camel” siqaretinin birini götürdü, yandırmaq istədi, əlləri başladı əsməyə. Həddindən artıq təsirlənmişdi. Ani sakitlik yarandı. Əlləri əsəndə gördü ki, mən də, Əli də baxır. Siqareti yandırmadı. Əlini atıb siqaretin qutusunu da, alışqanı da götürdü. Ayağa qalxıb əlini vurdu stola ki, “Əli, sən artıq mənim üçün dözülməz olmusan!” Otaqdan çıxdı. Mən də dedim “Əli, düz eləmirsən”, bəyin arxasınca çıxdım... Gördüm bəy siqaretini yandırıb, eyvanda çəkir. Dedim “Bəy, Əli gəncdir, çox fikir verməyin”. Onda dedi ki, “Qüdrət, bilirəm ki, siz yaxınsınız, amma bu sözümü həmişəlik yadında saxla. İnsanlar anadangəlmə istedadlı doğula bilər, çox zəhmətkeş olub əziyyətlə oxuyub bilikli ola bilər. Amma bir keyfiyyət var ki, o da insana yaşla gəlir. O da müdriklikdir. Qorxuram ki, bu Əlinin 70 yaşı olsa da, uşaq olaraq qalsın. Mən çox narahatam...”

 

Bu söhbət o vaxtdan yadımda qalıb. Demək müdriklik yaşla gəlir. Ona görə də deyirəm ki, yaş öz rolunu oynayır...

 

Yaşa gəlincə, doğrudan da zamanla emosiyaları xeyli cilovlamaq məcburiyyətində qalırsan. Boşuna deyilməyib ki, gəncsən, emosiyan yoxdursa demək ürəyin yoxdur, yaşlısan, emosiyaların çoxdursa demək başın yoxdur. (Gülür)

 

- Çox ürəkli gənc olmusunuz?

 

- Sözsüz! Risk etməyi bu gün də bacaran adamam. Hesab edirəm ki, həyatda ağıllı risklər olmalıdır.

 

- Amma bu ağıllı risklərdir, emosialı yox...

 

- Bəli. Emosiyalara söykənən risklər deyil. Emosiyanı da normal qəbul edirəm, amma qədərində. Ağıl müəyyən qədər emosiyanı nəzarətdə saxlamalıdır. Amma əlbəttə ki, mən heç özümə də zəmanət verə bilmərəm ki, həmişə belə olacaq. Elə məqam ola bilir ki, o halda artıq son söz qəlbin və hisslərin verdiyi qərar olur.

 

- Ağıl ikinci dərəcəyə keçir...

 

- Bəli.

 

- O hal üçün nə düşünürsünüz?

 

- Allah qorusun deyirəm. (Gülür)

 

- Siz o adamlardansınız ki, həm Əbülfəz Eçibəydən, həm də Heydər Əliyevdən nələrsə öyrənə bilmək fürsətiniz olub. Onlardan 50 yaşınıza nə götürüb gətirmisiniz...

 

- Heydər Əliyev dövlət adamı idi. O Azərbaycan insanını çox gözəl duya bilirdi, istəklərini anlayırdı. Ağır şərtlər altında maksimum nəticələr əldə etməyə can atan, daha çox bu günün reallıqları ilə yaşayan, amma uzaq hədəfləri də yaddan çıxartmayan siyasətçi idi. Onunla bağlı müşahidələrimdən sonra siyasətlə bağlı belə düşünürəm ki, siyasət mövcud reallıqlar nəzərə alınmaqla onun dəyişdirilməsi uğrunda mübarizədir.

 

Elçibəy isə daha idealist və yenə də böyük hədəflərə çatmaq üçün milləti səfərbər etməyi bacaran, öz idealları uğrunda sona qədər, təmənnasız mübarizə aparan bir mücahid obrazıdır mənim üçün.

 

Bu yerdə partiyanın siyasi xəttindən söz düşür. Yenə xeyli söhbətdən sonra 80-ci illərin əvvəlinə, Əbrəqunus kəndinə gedirik...

 

- Naxçıvanda üzümün kollarını şaxta vurmasın deyə qışda torpağın altına basdırırdıq.

 

- Bu işdə iştirak edirdiniz?

 

- Əlbəttə!

 

- Məktəbdən aparıdılar?

 

- Məktəbdən üzüm yığmağa aparırdılar. Amma orta məktəbi bitirəndən sonra hüquq fakültəsi üçün iki il staj lazım idi, onda fəhlə işləmişəm. Yerə dirəklər basdırır, məftəllər çəkirdik... Məktəb dönəmində isə, o başqa aləm idi...

 

- Çox romantik idi?

 

- Çox, filmlərdəki kimi... Amma dərsin vaxtını alırdı. Hardasa bir ay dərsdən ayrılırdıq. Sonradan o dərsi surətlə bizə yükləyirdilər.

 

- Qızlar üçün çətin deyildi?

 

- Əlbəttə, çətinlikləri var idi. Bir vedrədə 6-7 kilo üzüm olurdu, oğlanlar maşının kənarında dayanırdı, qızların yığdığı üzümü də oğlanlar gətirirdi, qaldırıb tökürdük maşına.

 

- Bir az da üzümçülüyün romantikasından danışın...

 

- Mən bir neçə məqamı deyim, qalanlarını oxucular özü təsəvvür eləsin. Səhər tezdən gəlirdik məktəbə. Əllərimizdə boş vedrələr yük maşınlarının üstündə üzüm yığmağa yollanırdıq. Yol boyu o maşında mahnılar oxunurdu, lətifələr söylənirdi... Çalışırdıq fiziki əməyi mahnılarla, lətifələrlə kompensasiya edək. Kənd həyatının öz ağırlığı və öz üstünlükləri var. Hər halda, maraqlı idi.

 

- Siz necə üzüm yığan idiniz?

 

- Heç vaxt xüsusi fərqlənməmişəm. Amma çalışırdım vicdanla işləyim. Bəzən olurdu uşaqlar gözə dəyən üzümləri dərib vedrəyə atır, yerə yatan kolları isə qaldırmırdılar. Mənsə bir onu bilirəm ki, vicdanla işləmişəm. Düzdür, ola bilsin ki, çox yığmırdım. Ancaq mənə ayrılan ərazidə bir gilə də üzüm qoymurdum qalsın. Təmiz yığırdım. Ola bilərdi ki, nəzarətçilər gəlib yoxlasın. İstəmişəmişəm mənə heç kim irad tutsun.

 

- Qüdrət müəllim, necə dincəlirsiniz?

 

- Çalışıram ki, ildə bir dəfə ailə ilə hardasa dincəlim. Bu ay altı günlük Dubayda oldum. Keçən yay da Londona getmişdik. “Family program” idi. Uşaqlar ingilis dili kurslarına gedirdilər. Biz də yoldaşımla günün bir hissəsini dil öyrənirdik.

 

- Belə başa düşdüm ki, ailəlikcə dil öyrənməklə məşğulsunuz?

 

- Bəli. Ailəlikcə.

 

- Ailənin danışıq dili hansı dildədir?

 

- Sözsüz ki, Azərbaycanca. Təəssüf ki, uşaqlarla çox təmasda ola bilmirəm. Hər gün mütləq görüşürəm, amma çox zaman ayıra bilmirəm. Axşamlar iş otağıma girən kimi...

 

- Evdə də iş otağınızda oturursunuz?

 

- Bəli. Mən otağa girən kimi uşaqların ikisi də gəlib əhvalımı soruşurlar. Bu artıq bir adət halını alıb. Çox təəssüf ki, hər axşam onlarla şam yeməyini yeyə bilmirəm... Uşaqlar rus dilində təhsil alırlar. Bu da mənim qərarım olub. Dili mükəmməl bilmələri üçün. Əgər mən, ya da yoldaşım rus dilli olsaydıq, onları mütləq Azərbaycan bölməsinə qoyacaqdım. Ailənin danışıq dili Azərbaycan dili olduğundan bu dili mükəmməl bilirlər, ona görə də ikinci dil kimi rus dilini öyrənmələrini istədim.

 

- Qüdrət müəllim, siz özünüzə, xanımınıza və uşaqlarınıza qarşı haqsızlıq etmirsiniz? Həftənin altı günü bu kabinetdəsiniz, evə gedən kimi də iş otağına. Əminəm ki, elə bazar günü də evdəki kabinetinizdəsiniz... Niyə özünüzə belə qəsd edirsiniz? İnsan oğlu ilə futbol oynayar, yıxılar, qızı ilə filmə baxar...

 

- Razıyam! Deyim ki, bu barədə evdə də tənqidlər eşidirəm. Təəssüf ki, mən onlara çox vaxt ayıra bilmirəm. Dediyiniz o problemləri görürəm, heyif ki, hələ aradan qaldıra bilmirəm.

 

- (Zarafatyana da olsa, bu sualı verməyə bilmirəm) Axı mən ailə üçün bu qədər önəmli, həlli isə çox sadə olan bir problemi həll edə bilməyən insana niyə səs verim ki?

 

- Hmm... (Gülür) Bəlkə də haqlısınız, sizin kimi düşünənlər də var. Hesab edirəm ki, uşaqların da o qədər çox vaxtı yoxdur ki, onu mənimlə keçirsinlər.

 

- Yükləyin günahı xalqa.

 

- Yox, yox! (Gülür) Qrafikləri belədir ki, hətta məndən də tez yuxudan oyanıb dərsə gedirlər. Dərsdən sonra da müəyyən ixtisaslar üzrə hazırlaşırlar.

 

- Və son sualım. Ömrün 50 ilini geridə qoyandan sonra necə düşnürsünüz, bir insan ömrü siyasətə həsr etmək üçün heyif deyilmi?

 

- (Gülür) Bilirsiniz, bu sualı bütün peşə sahiblərinə də ünvanlamaq olar...

 

- Xeyr! Hüquqşünas evə gedəndə övladını doyunca qucaqlayıb ona zaman ayıra bilir. Sizsə bütün günü siyasətlə yüklüsünüz və bunu evə də aparırsınız. Hətta mən soruşdum necə dincəlirsiniz, siz xaricə getdiyiniz zamanları dediniz. Anladım ki, siz elə bazar günləri də işləyirsiniz.

 

- Hə, uşaqların ad günü olsa biz ailəlikcə restorana gedərik. Yoxsa qalan bazar günləri yalnız evdəyik. Amma rayonlara getdiyimiz vaxtlar da olur. Bu ay Şamaxıya gedib uşaqlarla yaxşı qartopu oynadım. Ancaq yenə də bu günlər barmaqla saya biləcəyim qədər az olur...

 

- Mənim sualım cavabsız qaldı axı, heyifdi, heyif deyil?

 

- Yox, heyif deyil. Birincisi, heç kim taleyindən qaça bilməz. Mən uşaqlıqdan prokuror olmaq istəyirdim. Bakı şəhər Nəsimi rayon prokurorluğunda müstəntiq işlədim, sonra tale məni gətirib qoşdu siyasi proseslərə. Peşman deyiləm.

 

Söhbət yenə siyasətlə davam etdi...

 

Lent.az-dan: Qüdrət bəy mediaya çox danışmağı, hələ siyasətdənkənar danışmağı heç sevmir. Doğru deyir, o, mediaya bəzi həmkarları qədər ərklə davranmır, daha çox hörmətlə və kənar durmağı xoşlayır. Amma çox qəribə bir tandem var. Media ona ərk edir. O, media nümayəndələrinin dərdini-sərini deyə bildiyi, dost olduğu azsaylı siyasətçilərdəndi. Elə bu müsahibə də o ərkin təcəssümüdü.  

 

"APA Holdinq" ailəsi millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevi 50 illik yubileyi münasibətilə təbrik edir. Daha bir 50 illik arzusuyla... 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191627

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR