Cakarta, 25 avqust, AZƏRTAC.
İndoneziyanın hüquq mühafizə orqanları işdə yol verilən səhlənkarlıq nəticəsində ATR 42-300 sərnişin təyyarəsinin qəzaya uğraması səbəblərini araşdırmaq üçün “Air Nav İndonesiya“ dövlət şirkətində yoxlamalar aparacaq.
Bu barədə avqustun 25-də Antara informasiya agentliyi məlumat yayıb.
Polisin müşahidə şurasının rəhbəri Neta Pane bildirib ki, daxil olan məlumata görə, təyyarənin eniş etməli olduğu Oksibil şəhər aeroportunun radarları qeyri-işlək vəziyyətdə olub. Bəzi aeroportlarda naviqasiya avadanlığı artıq 30 ildən çoxdur istismardadır və bu səhlənkarlıq daha ağır qəzaya səbəb ola bilərdi.
İndoneziyanın nəqliyyat naziri İqnasius Conan da Oksibil aeroportunda təyyarələrin əsasən bütün qalxma və enmə hərəkətlərini vizual nəzarətlə həyata keçirdiyini bildirmişdi. Nazir etiraf etmişdi ki, qəzanın baş verdiyi Papua əyalətinin bütün aeroportlarında müasir naviqasiya sistemləri qurulmayıb, bir çox hallarda isə onlar qeyri-işlək vəziyyətdədir.
Avqustun 16-da təyyarə qəzaya uğrayan zaman Oksibil şəhərinin ətrafında hava şəraiti pis olub, güclü duman və yağış qeydə alınıb. Xilasedicilərin bildirdiyinə görə, dağa çırpılmış təyyarənin qalıqları 2,5 min metr yüksəklikdə aşkar edilmişdi. Enişə 10 dəqiqə qalmış heyətlə əlaqə kəsilmişdi. Bununla yanaşı, rəsmi dairələr hələ də göyərtəsində 54 nəfərin olduğu təyyarənin qəzaya uğraması səbəbləri barədə heç bir açıqlama verməyiblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta