Topla çubuğun müharibəsi (YAZI)

Səhv etmirəmsə, sonuncu dəfə “Old Firm” haqqında yazanda rəqabət sözündən doyunca istifadə etmişdim. Bu gün normanı dolduracam. Elə girişdəcə sualımı verim: Sizcə, ən böyük idman rəqabəti hansıdır? Cavabları az-çox təxmin edirəm: “El Klasiko”, “Superklasiko”… Ancaq yenə də şərhlər bölməsində suala cavab verə bilərsiniz, əsaslandırmaq şərti ilə.

Xəyalən də olsa, bu səfər eyni sualı sizin mənə ünvanladığınızı fərz edək. Cavabım qətidir: Hindistan - Pakistan kriket rəqabəti. Bilirəm, bax elə bu anda sayımızda azalma oldu. Bəzi oxuyucular üçün yazı elə burada – kriket sözü işlənəndən sonra bitdi.

Bilinməyən bir həqiqət var: kriket dünyada futboldan sonra ikinci ən populyar idman növüdür. Həm də bir o qədər faydalı idmandır. Məsələn, yuxusuzluqdan əziyyət çəkirsinizsə, gecələr kriketə baxıb asanlıqla yuxuya gedə bilərsiniz. Saymaqdan daha effektiv vasitədir. Təbii, bu, sözügedən idman növününün qaydalarını bilməyənlər üçün aktiv olan funksiyadır. “Kriket yeganə idmandır ki, azarkeşlər oyunçulardan daha çox yorulur” – belə bir anekdot da var. Amma siz siz olun, yolunuz Hindistan, Pakistan, Banqladeş və yaxud da Şri-Lankadan düşsə, bu dediklərimi təkrarlamayın. Adlarını sadaladığım ölkələrdə kriket qeyri-rəsmi dindir. Necə Braziliyada küçədə oynayan 5 uşaqdan 5-i də futbolçu olmaq barədə xəyallar qurursa, onlarla yaşıd olan hindistanlı eynisini kriket haqda düşünür.

Zarafat bir yana, qaydaları tam dərk edənə kimi kriket sizə çox mənasız gələ bilər. Amma öyrəndikdən sonra heç də maraqsız idman növü deyil. İlkin mərhələ üçün testləri istisna kimi qəbul edin. Çünki futbolda belə 4-5 gün dayanmadan 7-8 saat eyni iki komandanın oyununa baxsanız, iyrənərsiz, qaldı ki, kriket.

Keçək əsas mərhələyə. Müəmma qalmasın deyə Hindistan – Pakistan kriket rəqabətinin yaranma səbəbindən başlayacam. Zamanda bir az səyahət edəcəyik. Bu tip rəqabətlərin formalaşmasında həmişə tarix və siyasət həlledici rol oynayır.

1947-ci ildə Cənubi Asiyanı tərk edən ingilislərdən geriyə bir neçə miras qaldı. Mübahisəli Kəşmir bölgəsi və kriket də onların sırasına daxildir. Hindistan və Pakistan arasında rəqabətin formalaşması isə özü-özlüyündə elə birbaşa Kəşmirlə bağlıdır.

Britaniya əsarəti bitdikdən sonra Kəşmir xalqı seçim haqlarından özləri kimi müsəlmanların çoxluq təşkil etdiyi Pakistanın lehinə istifadə etmişdi. Yəni, bu bölgə Pakistana tabe olmalı idi. Ancaq Kəşmir şahzadəsi hind əsilli Mihrace Hari Sinq insanların istəyinin əksinə hərəkət edərək bölgənin Hindistana aid olduğunu təsdiqləyən sənədi imzalamaqla illər boyu davam edəcək mübahisənin təməlini atdı. Məhz elə bu imzadan sonra Hindistan ordusu bölgəyə daxil olaraq səmərəli torpaqları zəbt etdi. Hazırda Srinaqar, Cammu və Kəşmir hindlərin nəzarəti altındadır. Quraqlıqdan əziyyət çəkən 30 %-lik hissə - Azad Kəşmir və Gilgit-Baltistan ərazisi isə Pakistanın tabeçiliyindədir. BMT-nin normalarına əsasən, Kəşmir əhalisinin öz müqəddəratını təyin etmək haqqı var (self determination). Kəşmirlilər referendum keçirilməsini istəsələr də, Hindistan hökuməti bunun əleyhinə çıxır. Çünki böyük əksəriyyəti müsəlmanlardan ibarət olan əhalinin növbəti dəfə Pakistanı seçəcəyi məlum məsələdir.

Qısaca qeyd edim ki, bölgənin şərqində yerləşən və təxminən 10 faizlik ərazini əhatə edən Aksayçin isə Pakistanın müttəfiqi Çinin nəzarətindədir.

Hindistan və Pakistan Kəşmir uğrunda indiyə kimi 4 dəfə (1947, 1965, 1971, 1999) müharibə ediblər. Ancaq milyonlarla insan itkisinə baxmayaraq, məsələ həllini tapmayıb. “Bir bölgə uğrunda bu qədər müharibəyə, insan ölümünə, ya da ordan-burdan nüvə silahı almağa nə gərək var?” – deyə düşünürsünüzsə, sadəcə “Google”da Kashmir yazıb şəkillər bölməsinə keçin. Hər şey aydın olacaq. Sərvətlər, təbii gözəllik, bir sözlə, düşündüyünüz hər şey var. Boş-boşuna Kəşmirə “yer üzünün cənnəti” demirlər.

Rəqabətin necə başladığını, haradan qaynaqlandığını az-çox anladınız. Normal olaraq düşünə bilərsiniz ki, bu iki ölkə arasında belə qatı rəqabət başqa idman növündə yox, niyə məhz kriketdə var? Cavab çox sadədir: britaniyalılar Cənubi Asiya, CAR və Avstraliya başda olmaqla, əsarəti altında olan yerlərdə, milli idman növləri hesab olunan kriketi yayırdılar. Təbliğat özünü doğruldub. Kriket Hindistanda Hinduizmdən, Pakistanda isə İslamdan sonra ikinci din hesab olunur. Bəlkə bir az irəli gedirəm, amma sözümdə həqiqət payı çoxdur. Küçələrdə kriket topunu daşla, çubuğu isə əlləri ilə əvəz edən uşaqlar görəndə mənə haqq verəcəksiniz. Kəlküttədəki “İden Qardens”i isə “kriketin Məkkəsi” adlandırırlar.

Sərhəddə ölən və yaralananlar olur, insanlar isə onların qisasının təkcə ordu vasitəsilə deyil, həm də kriketçilər tərəfindən alınacağına inanır, kriket millisini ordudan fərqli görmürlər. Rəqabətdən danışırıqsa, azarkeş amilini unutmaq olmaz.

Hindistan millisinin sabiq kapitanı Sunil Qavaskar: “1980-ci ildə BƏƏ-nin Şardja şəhərində Pakistanla qarşılaşırdıq. Orada yaşayan immiqrantlar – avtobus sürücüsündən tutmuş qəzet satıcısına, mehmanxana işçisindən çanta daşıyan uşağa kimi, hamı bizi görəndə aşağı-yuxarı eyni cümləni işlədirdi: “Turnirin qalibi olub-olmamağınız barədə o qədər də düşünmürük, ancaq Pakistanı mütləq məğlub etməlisiniz”.

1986-cı ildə Şardjada keçirilən Austral-Asia kubokunun finalında Hindistan və Pakistan kriketçiləri qarşılaşırdı. Pakistanın çempion olmaq üçün son topda 4 rana ehtiyacı var idi. “Ağ-yaşıllar”ın vurucusu Javed Miandad Hindistanın ən sürətli atıcılarından olan Çetan Şarmanla üz-üzə idi. Hind fanatlar artıq çempionluğu bayram etməyə başlamışdılar. Ancaq Miandad çətin olanı bacarmış və topu birbaşa meydandan kənara vuraraq komandasına 6 xal qazandırmışdı. Nəticədə Pakistan Austral-Asia kubokunun qalibi olmuşdu. Hind fanatlar məğlubiyyətin səbəbkarı qismində Çetan Şarmanı görürdülər. Maraqlısı budur ki, Şarman həmin oyundan sonra azarkeşlərin qorxusundan iki ay evindən çölə bir addım belə atmamışdı.

Hər iki yığmanın oyunçuları məğlubiyyətdən sonra gizlənmək üçün yer axtarırdılar. Xüsusilə də 80-ci illərdə kriketçilərin həyati təhlükəsi daha çox idi. Bu səbəbdən də o dövrdə Hindistan və pakistanlı oyunçular bilərəkdən ardıcıl 11 test matçında heç-heçə etmişdilər.

90-cı illərdə vəziyyət daha da gərginləşdi. Artıq oyunçuların evlərinin daş-qalaq edilməsi, şəkillərinin və müqəvvalarının yandırılması adi hal almışdı. 1996-cı ildə keçirilən Dünya çempionatından sonra Pakistanın atıcısı Vasim Əkrəm sui-qəsd təhlükəsi ilə üz-üzə qalmışdı. Əkrəmin DÇ-96-da əzələ dartılmasını bəhanə edərək Hindistanla görüşdə oynamaması azarkeşləri özündən çıxarmışdı. Onlar atıcının yüksək təzyiq altında qalmamaq üçün bilərəkdən bu addıma əl atdığını düşünürdülər.

Azarkeşlərlə bağlı əhvalatlar o qədərdi ki... 1997-ci ildə sözügedən iki komanda bu səfər Kanadada üz-üzə gəlirdi. Oyunun gedişində tribunadakı hind azarkeş Pakistan millisinin vurucusu İnzamam-ul-Haq vuruş xəttinə yaxınlaşan zaman onun fiziki görkəmini lağa qoyub özündən çıxarmaq üçün meqafonla “kartof” qışqırırdı. Buna dözməyən ul-Haq polislər gələnə kimi həmin fanatı kriket çubuğu ilə əzişdirmişdi.

Elə həmin il Pakistan Karaçidə Hindistanı qəbul edirdi. Bu səfər isə pakistanlı fanatlar diqqət mərkəzində idi. Onlar hindistanlı kriketçilərə daş və digər sərt əşyalar atırdılar. Özündən çıxan “kriketin Allahı” ləqəbli Saçin Tendulkar Hindistan yığmasını meydandan çıxarmışdı. Polislə azarkeşlər arasında yaşanan gərginlik zamanı isə 30-a yaxın yerli azarkeş yaralanmışdı.

Bitmədi... Cəmi iki il sonra Pakistan “İden Qardens”də Hindistanın qonağı idi. Bu dəfə hakimin Tendulkarın ranına aut qərarı verməsi azarkeşlərin qəzəbinə səbəb oldu. “Kriketin Məkkəsi”ndə yer-yerindən oynayırdı. Yalnız polislərin sərt müdaxiləsi nəticəsində 65 min insan stadiondan çıxarılmış və oyun 3 saat sonra, qaldığı yerdən davam etmişdi. Bu, kriket tarixində indiyə kimi baş vermiş ilk belə hadisədir.

Kriket onlar üçün oyunçuya “Hindistanın fatehi” ləqəbini qoyacaq qədər müqəddəsdir. Ciddiyəm, pakistanlı kriketçilər 1987-ci ildə Hindistandakı test seriyasından Lahora qələbə ilə qayıdanda imperatorlar kimi qarşılanmışdılar. O gündən sonra kapitan İmran Xanın ikinci adı “Hindistanın fatehi”dir.

Bitmək-tükənmək bilməyən nifrətə baxmayaraq, azarkeşlərin digər komandaya hörmətlə yanaşdığı anlar da olub. Misal üçün, Hindistanın baş naziri Atal Bihari Vajpayeenin Pakistana tarixi səfərindən sonra 1999-cu ildə Pakistan kriketçiləri 12 il sonra ilk dəfə Hindistana test seriyası üçün yollanmışdılar. Nə qədər qəribə olsa da, Pakistan millisinin üzvləri Çennaidə böyük sevgi ilə qarşılanmışdılar.

Həmin tarixi matçda Saçin Tendulkar “century” (100 ranı keçmək) eləmişdi. Buna baxmayaraq, Hindistan Pakistana uduzmuşdu. Çennaidə təxminən 30 min azarkeş Pakistan kriketçilərini ayaq üstdə alqışlamışdı. Oxşar vəziyyət 5 il sonra Pakistanda təkrarlanmışdı.

Əzəli rəqibə qarşı bu qeyri-adi sevgiyə insanların doğma ölkələrində bir də dünyanın ən böyük idman rəqabətini görməyəcəklərini düşünmələri səbəb olmuşdu.

2008-ci ildə Mumbaidə baş verən terror aktından sonra Hindistan test seriyalarında Pakistanı qəbul etməkdən imtina etdi. 2009-cu ildən bəri isə Pakistanda beynəlxalq kriket matçı oynanılmır. Hətta DÇ-2011-in ev sahibliyi haqqı belə onların əlindən alındı. Buna səbəb məhz həmin il Lahorda Şri-Lanka kriket millisinin üzvlərinin vurulması idi. Artıq uzun müddətdir ki, Hindistan və Pakistan arasında 2 tərəfli seriyalar oynanılmır. Komandalar yalnız Dünya çempionatlarında qarşılaşırlar.

Hindistan – Pakistan oyunlarının statistikası:

Test oyunları – Pakistan (12 qələbə), Hindistan (9 qələbə), 38 heç-heçə

Test seriyaları – Pakistan (5 qələbə), Hindistan (4 qələbə), 7 heç-heçə

ODI (One Day International) oyunlar – Pakistan (72 qələbə), Hindistan (51 qələbə), 4 heç-heçə

T20I (Twenty 20 International) oyunlar – Hindistan (4 qələbə), Pakistan (1 qələbə), 1 heç-heçə.

Komandalar sonuncu dəfə 2015-ci ildə keçirilən Dünya çempionatının qrup mərhələsində üz-üzə gəliblər. Həmin görüşdən 76 ranla Hindistan qalib ayrılıb.

Daha bir maraqlı faktı qeyd edim ki, 2011-ci ildə Dünya çempionatının yarımfinal mərhələsi çərçivəsində oynanılan Hindistan – Pakistan matçını 1,5 milyard insan televiziya vasitəsilə izləmişdi. Bu, idman müsabiqələri üçün rekord hesab olunur.

Kriket hər iki millət üçün heç vaxt bitməyəcək ortaq ehtirasdır. Bununla belə, Kəşmirin kimə məxsus olduğunu kriket meydanında müəyyənləşdirmək mümkün deyil. Ancaq nə hindistanlılar, nə də pakistanlılar bunu başa düşmək istəmirlər. Onlar başa düşənə kimi isə Hindistan – Pakistan kriket rəqabəti təkcə mən yox, milyonlarla idmansevər üçün dünyanın ən böyük idman rəqabəti olaraq qalacaq.

Müəllif: RÜFƏT MƏCİDZADƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR