“Qalatasaray”ın böyük ümidlərlə heyətinə qatdığı Vilfried Singo yenidən zədələnib. İstanbul təmsilçisinin “Monako”dan 30,77 milyon avro qarşılığında transfer etdiyi fil dişi sahilli müdafiəçinin ard-arda yaşadığı zədələr artıq ciddi narahatlıq yaradıb.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, məşq zamanı zədələnən Singonun milli fasilədən sonra keçiriləcək “Kasımpaşa” və “Barselona” ilə oyunlarda meydana çıxması gözlənilmir. Onun müalicəsinin davam etdiyi və oktyabrın 17-də “Gənclərbirliyi” ilə qarşılaşmada yenidən komandaya qoşulmasının planlaşdırıldığı bildirilir.
25 yaşlı futbolçunun “Qalatasaray”dakı zədə tarixçəsi də diqqət çəkir. Singo ötən mövsüm zədələr səbəbindən 145 gün meydandan kənarda qalıb və 23 oyunu buraxıb. Cari mövsümdə isə artıq 28 gün forma geyinə bilməyib və 4 qarşılaşmanı kənardan izləyib. Beləliklə, onun “Qalatasaray”dakı karyerasında zədə səbəbindən itirdiyi müddət 173 günə çatıb.
Singo 2025-ci ilin avqustunda "Monako"dan transfer olunub və “Qalatasaray” onun üçün 30 milyon 769 min 230 avro ödəyib. Fil Dişi Sahilindən olan müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.