Dünyanın ən varlı futbolçusu kimi tanınan Faiq Bolkiahın klub karyerasında yeni mərhələ başlayıb. Brunei Sultanının qardaşı oğlu olan 28 yaşlı futbolçu Tayland çempionatında çıxış etdiyi “Ratchaburi”dən ayrılıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın “Marca” qəzeti “Ratchaburi”nin Faiq Bolkiahın müqaviləsini yeniləmədiyini yazıb. Buna görə də təxminən 19 milyard avro şəxsi sərvətə malik olan futbolçu klubsuz qalıb.

Bolkiah futbol karyerasına İngiltərədə başlayıb. O, “Newbury”, “Southampton”, “Çelsi” və “Lester Siti”nin aşağı yaş qruplarında çıxış edib.

2020-ci ildə “Lester Siti”dən ayrılan futbolçu Portuqaliyanın “Maritimo” klubuna keçib. Daha sonra 2021-ci ildə Taylanda yollanan Bolkiah “Çonburi”də forma geyinib.

28 yaşlı futbolçu son üç mövsümdə isə “Ratchaburi”nin heyətində çıxış edib. Klubla müqaviləsinin yenilənməməsindən sonra Bolkiahın karyerasını hansı komandada davam etdirəcəyi hələ məlum deyil.