Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İlkin İzzət/
"Bu gün ən mühüm məsələ müsəlmanların vəhdətinə nail olmaqdır. Azərbaycana səfərimdən də məqsəd vəhdət məsələsini möhkəmləndirmək, nəticəyə nail olmaqdır".
Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) dəvəti ilə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının tanınmış din xadimi, mərceyi-təqlid alimi, ayətullahül-üzma Şeyx Hüseyn Nuri Həmədani bu gün QMİ-də keçirilən konfransda deyib.
Azərbaycana gələ bilməsini özü üçün Allahın böyük lütfü hesab edən müctəhid konfransda Azərbaycan ruhanilərinə və İslam alimlərinə bəzi tövsiyələrini çatdırıb: "Ruhaniyyəti, dini öyrənənlər əsas məsələləri diqqətdə saxlayıb təhsillərində lazımi uğur əldə etməlidirlər. Tələbələr bilməlidir ki, bizim peşəmiz ən şərəfli peşədir. Biz peşəmizdə fəaliyyətə başlamazdan öncə onun nə qədər əhəmiyyətli olduğunu anlamalıyıq. Döyüşə, cihada gedən şəxs hazırlıq görməli, silahdan necə istifadə edə bilməsi ilə bağlı məşq etməlidir. Eləcə də din xadimi elmə sahib olmalı, özünü buna hazırlamalıdır. Ruhaniyyət üçün ilk əsas məsələ ixlas, səmimiyyətdir. Yəni işini Allah naminə, onun razılığını əldə etmək üçün həyata keçirməlisən".
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az