Bakı, 4 sentyabr, Samirə Quliyeva, AZƏRTAC
İlin sonunadək Çexiyanın "Komerční Вanka" bankı ilk dəfə virtual ödəmə kartı buraxacaq. Çexiyanın nəhəng banklarından biri olan "Komerční Вanka" Visa Europe və Worldline şirkətləri ilə əməkdaşlıq edərək ölkədə mobil bank ödənişləri üçün HCE (Host Card Emulation) texnologiyasından istifadə edən ilk bank olacaq.
AZƏRTAC news.finance saytına istinadən xəbər verir ki, HCE texnologiyası fiziki plastik daşıyıcı olmadan ödəniş kartları yaratmaq və kartın bütün məlumatlarını birbaşa smartfona yazmağa imkan verəcək. Bununla da, xüsusi terminal vasitəsilə təmassız ödəniş həyata keçirmək mümkün olacaq.
HCE texnologiyası istənilən təmassız ödəniş kimi işləyir. Buna görə də tranzaksiyanı Çexiyada olan əksər terminallar vasitəsilə həyata keçirmək mümkündür.