Bakı, 7 sentyabr, Xatirə Cəfərova, AZƏRTAC
Böyük Britaniyanın "MTI" şirkəti tərəfindən təsis olunmuş "TransTech Capital" (TTC) Azərbaycanda elm əsaslı potensialın qiymətləndirilməsini həyata keçirir. TTC potensialı yüksək olan qurumlarda Texnoloji Transfer mərkəzlərinin yaradılmasını, innovativ layihələrin maliyyələşdirilməsini təklif edib.
Bu barədə AZƏRTAC-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan (İTİDF) məlumat verilib.
Qeyd olunub ki, TTC Azərbaycanda fəaliyyət göstərən ali məktəblər və elmi tədqiqat institutları, həmçinin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində vençur maliyyələşdirilməsini və texnologiyaların transferini həyata keçirən qabaqcıl şirkətlərlə əməkdaşlıq edir.
İTİDF İKT sahəsində beynəlxalq təcrübəni öyrənmək məqsədilə müxtəlif ölkələrin və nüfuzlu təşkilatların nümayəndə heyətləri ilə görüşlər keçirir. Fondun əməkdaşları beynəlxalq tədbirlərdə fəal iştirak edir. Türkiyə, Böyük Britaniya, Finlandiya, Macarıstan və Almaniyaya səfərlər təşkil olunub və orada fəaliyyət göstərən analoji fondlar və təşkilatların təcrübəsi öyrənilir.