Ədəbiyyat İnstitutunda uşaq ədəbiyyatına həsr olunan yaradıcılıq müşavirəsi keçirilib

21:03 28 Yanvar 2015
376 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc
Yanvarın 28-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda bu elm müəssisəsi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə “Azərbaycan uşaq ədəbiyyatı: ədəbi-tarixi ənənələri və müasir problemləri” mövzusunda yaradıcılıq müşavirəsi keçirilib.
İnstitutdan AzərTAc-a bildiriblər ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Müstəqillik illərində Azərbaycan uşaq ədəbiyyatı və vəzifələrimiz” mövzusunda məruzə ilə çıxış edib. Akademik bildirib ki, Azərbaycan uşaq ədəbiyyatına həsr edilən yaradıcılıq müşavirəsi, hər şeydən əvvəl, ölkəmizin müstəqillik dövrünün zəruri ehtiyacından yaranıb. Bunun dövlət müstəqilliyi qazanmış Azərbaycanın vətənpərvər, milli düşüncəyə malik yeni nəslin formalaşdırılması istiqamətində irəli sürdüyü çağırışlar olduğunu qeyd edən akademik İ.Həbibbəyli müasir dövrdə uşaqların təlim - tərbiyəsində Azərbaycan klassik uşaq ədəbiyyatının mühüm yer tutduğunu söyləyib.
Abbas Səhhət, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Süleyman Sani Axundov, Məhəmməd Tağı Sidqi, Rəşid bəy Əfəndiyev, Səməd Vurğun, Rəsul Rza, Mirvarid Dilbazi, Zeynal Xəlil, Hikmət Ziya, Mikayıl Rzaquluzadə və onlardan sonrakı ədəbi nəslin nümayəndələrinin uşaq ədəbiyyatı irsini ölkəmizdə bir neçə nəslin formalaşmasında əvəzsiz mənəvi sərvət kimi səciyyələndirən institut rəhbəri müstəqillik dövrü Azərbaycan uşaq ədəbiyyatının yaradılması və inkişaf etdirilməsinin ədəbi-elmi mühitimizin əsas qayğılarından, məsul vəzifələrindən olduğunu vurğulayıb.
Bildirilib ki, XIX əsrin sonlarında məktəblərin zəruri ehtiyacı kimi meydana çıxmış dərsliklər milli uşaq ədəbiyyatının inkişafında geniş üfüqlər açıb. Azərbaycan milli uşaq ədəbiyyatının “qızıl fond”u milli məktəblərin və dərsliklərin zəminində yaranıb inkişaf edib. Azərbaycan oxucusu milli uşaq ədəbiyyatını ilk dəfə məktəblərdə öyrənib, dərsliklərdən oxuyub. Ən yaxşı uşaq ədəbiyyatı nümunələri məktəbə, elmə, müəllimə həsr olunub. XX əsr boyu Azərbaycan yazıçıları məktəbə və elmə milli oyanış məfkurəsinin əsas hərəkətverici qüvvəsi kimi baxıblar.
Akademik İ.Həbibbəyli qeyd edib ki, müstəqillik dövrü Azərbaycan uşaq ədəbiyyatında da maarifçilik ruhu yaşadılmaqdadır. Şübhəsiz ki, yeni dövrün maarifçi tezisləri daha fərqli olmalı, milli dəyərləri inkişaf etdirməklə yanaşı, bəşəri dəyərlərin də balansını qoruyub saxlamağa xidmət etməlidir. Cəlbedici internet resursları ilə rəqabətdə çağdaş uşaq ədəbiyyatı daha canlı, sadə dildə yazılmalı, nəinki uşaqların ürəyinə yol tapmalı, həm də ümummilli ideyalarla zəngin olmalıdır.
AYB-nin sədri, xalq yazıçısı Anar yaradıcılıq müşavirəsinin böyük əhəmiyyətini qeyd edib. Xalq yazıçısı Ədəbiyyat İnstitutu ilə birgə keçirilən ilk tədbirin uşaq ədəbiyyatının problemlərinə həsr edilməsinin təqdirəlayiq olduğunu, millətin gələcəyi üçün təhsilin və mənəvi tərbiyənin zəruriliyini diqqətə çatdırıb. AYB-nin sədri alim və yazıçıların bilikdə çalışmalarının vacibliyini xüsusi vurğulayıb, göstərilən mövzu üzrə bir sıra mükafatların təsis edilməsini məqsədəuyğun hesab edib.
Tədbirdə institutun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimovanın “Uşaq ədəbiyyatı nəşrləri: tarixi təcrübəsi və müasir vəziyyəti”, AYB-nin uşaq ədəbiyyatı bölməsinin rəhbəri, şair Qəşəm Nəcəfzadənin “Azərbaycan Yazıçılar Birliyi və uşaq ədəbiyyatı məsələləri”, filologiya üzrə fəlsəfə doktorları Aynurə Xəlilovanın “Uşaq folkloru və müasirlik”, Günay Qarayevanın “Çağdaş uşaq nəsri”, Aygün Bağırlının “Son illərin uşaq dramaturgiyası”, institutun elmi işçisi Nərgiz Cabbarlının “Müasir uşaq poeziyasının yaradıcılıq axtarışları” mövzularında məruzələri dinlənilib.
Yaradıcılıq müşavirəsində AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlu, filologiya elmləri doktoru Şirindil Alışanlı, uşaq mövzusunda yazan şairlərdən Zahid Xəlil, Sevinc Nuruqızı, Qəşəm İsabəyli, Oqtay Rza və “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov uşaq ədəbiyyatının problemləri və inkişaf perspektivləri barədə fikir və mülahizələrini bildiriblər.
Sonda akademik İ.Həbibbəyli çıxış edərək “Uşaq ədəbiyyatı” seriyasından çoxcildliyin hazırlanması və uşaq ədəbiyyatı günlərinin keçirilməsi barədə təkliflərini səsləndirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Adebiyyat_Institutunda_usaq_edebiyyatina_hesr_olunan_yaradiciliq_musaviresi_kechirilib-828188

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR