Bakı, 10 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, BMT Sivilizasiyalar Alyansının (BMTSA) 7-ci Qlobal Forumuna hazırlıqla bağlı təşkilatın nümayəndə heyəti Bakıya səfərə gəlib. Nümayəndə heyətinə BMTSA-nın Ali nümayəndə ofisinin rəhbəri Nihal Saad rəhbərlik edir.
Sentyabrın 9-da səfər çərçivəsində nümayəndə heyəti ilə tədbirə hazırlıqla bağlı yaradılmış Təşkilat Komitəsinin rəhbəri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev arasında görüş keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində tədbirə hazırlıqla bağlı təşkilati məsələlər, o cümlədən Forumun sessiyaları, iştirakçıların tərkibi, dövlət və hökumət başçılarının, nazirlərin dəvət olunması, gənclər təşkilatlarının iştirakı, tədbirin TV və internet vasitəsilə yayımlanması, həmçinin ümumilikdə Azərbaycanla BMTSA arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub.
Nümayəndə həyətinin Azərbaycan Respublikasının Prezident Administrasiyası, Xarici İşlər, Gənclər və İdman, Rabitə və Yüksək Texnologiyalar nazirliklərində, Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzində bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulur. Görüş zamanı razılaşdırılmış məqamlar Forumun keçirilməsi barədə müqavilənin mətnində öz əksini tapacaq.
Forumda BMT üzv ölkələri, BMT sisteminə daxil olan beynəlxalq təşkilatlar, tərəfdaş beynəlxalq qurumlar və QHT nümayəndələrindən ibarət 3000-dən artıq rəsmi şəxsin iştirakı gözlənilir.