Vyana, 11 sentyabr, AZƏRTAC
Balkan ölkələrindən keçməklə Avropaya üz tutan qaçqın axınının ardı-arası kəsilmir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Avropa üzrə direktoru Vinsent Koşetel mətbuata açıqlamasında Avropaya qaçqın axınının ən tez noyabr ayında zəifləyəcəyinin ehtimal olunduğunu bildirib. Onun sözlərinə görə, yaxın günlərdə Balkan ölkələrindən keçməklə Avropaya 42 min qaçqın daxil olacaq. Hazırda Yunanıstanda 30 min, Makedoniyada isə azı 7 min qaçqın Avropaya doğru hərəkətdədir.
BMT QAK-ın ən son məlumatlarına əsasən, bu il ərzində dəniz yolu ilə Avropaya 360 mindən artıq qaçqın pənah aparıb. Onların 51 faizi Suriya, 14 faizi Əfqanıstan, 8 faizi Eritreya, 4 faizi Nigeriya, 3 faizi isə İraq vətəndaşlarıdır.
Son həftələrdə Yunanıstan istiqamətində Avropaya keçməyə cəhd edən qaçqınların sayı İtaliya marşrutu ilə hərəkət edənlərdən iki dəfəyədək çoxalıb. Əsasən Yunanıstan-Makedoniya-Serbiya-Macarıstan-Avstriya-Almaniya marşrutu ilə hərəkət edən qaçqınlar soyuq qış ayları düşənədək Qərbi Avropa ölkələrinə yetişməyə can atırlar.
Bir sıra siyasətçilərin Avropaya gələn qeyri-qanuni miqrantların daha yaxşı gün-güzəran arzusunda olan iqtisadi qaçqınlar olması fikri ilə razılaşmayan BMT QAK-ın rəsmisi qaçqınların 85 faizinin həqiqətən də öz ölkəsini tərk etməyə məcbur qaldığını və sığınacaq almağa layiq olduğunu qeyd edib. O, qaçqınlarla bağlı hazırkı böhran vəziyyətini ciddi, lakin öhdəsindən gəlinə bilən hal kimi dəyərləndirib.
Avropa İttifaqının miqrasiya üzrə komissarı Dimitris Avramopoulus isə Avropa ölkələri arasında həmrəylik və əməkdaşlığın gücləndirilməsi sayəsində bu böhrandan çıxıla biləcəyini bildirib, lakin bu böhranın hələ uzun illər Avropanı məşğul edəcəyini diqqətə çatdırıb.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana