Bakı, 11 sentyabr, AZƏRTAC
"Azərbaycan Hava Yolları" (AZAL) böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 19 ölkədə 40 istiqamətdən ibarətdir. 2014-cü ildə "Azərbaycan Hava Yolları" 1 milyon 800 mindən çox sərnişin daşıyıb.
"Azərbaycan Hava Yolları" QSC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir, AZAL isə mülki aviasiyanın ən nüfuzlu assosiasiyası - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.
2015-ci ilin iyun ayında Böyük Britaniyanın aviaşirkətlərin xidmət səviyyəsinin qiymətləndirilməsi sahəsində ən taninmış konsaltinq şirkəti "Skytrax" AZAL-ı nüfuzlu "4 Ulduz" reytinqinə layiq görüb. Bundan əlavə, Azərbaycan milli daşıyıcısının "Dünyanın ən böyük irəliləyiş əldə etmiş aviaşirkəti" adlı qlobal kateqoriyada "Skytrax" agentliyi tərəfindən təsis olunan "World Airline Awards" mükafatına namizədliyi verilib və şirkət fəxri ikinci yeri tutub.
AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. AZAL-ın qərargahı Bakı şəhərində, beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq Hava Limanında (hava limanı 2014-cü ilin dekabrında "4 Ulduz" reytinqinə layiq görülüb) yerləşir.
Heydər Əliyev Beynəlxalq Hava Limanı həyata keçirilən modernləşdirmə nəticəsində postsovet məkanında və Şərqi Avropa ölkələrində bir nömrəli hava limanı olub.