Bakı, 11 sentyabr, AZƏRTAC
Dünya üzrə ərzağın qiymətləri indeksi avqust ayında beş faiz enib. Son 7 il ərzində ən kəskin azalma enerji daşıyıcılarının qiymətinin düşməsi və Çində iqtisadi artım sürətinin yavaşıması ilə bağlı əndişə fonunda baş verib.
AZƏRTAC Birləşmiş Millətlər Təşkilatının (BMT) radiosuna istinadla xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dənli bitkilər, süd, bitki yağları və qənd kəskin ucuzlaşıb.
Südün qiymətinin xeyli ucuzlaşması pendirin, kərə yağının və başqa süd məhsullarının da qiymətlərinin düşməsinə gətirib çıxarıb. Ötən ayla müqayisədə avqust ayında ətin qiyməti dəyişməyib. Lakin ətin qiymətinin ötən ilin avqust ayında pik həddinə çatdığı vaxtdan bu məhsulun topdan satış qiymətləri 18 faiz azalıb.
FAO-nun hesablamalarına görə, 2015-ci ildə dünya bazarlarına 2,5 milyondan çox dənli bitkilər daxil olacaq. Bu da ekspertlərinin verdiyi proqnozdan 13 milyon çox, ötən ilin göstəricisindən 21 milyon azdır.