Azərbaycanla Bruklin arasında mədəni mübadilə imkanları müzakirə edilib

Azərbaycanla Bruklin arasında mədəni mübadilə imkanları müzakirə edilib
08:38 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Nyu-York, 29 yanvar, AzərTAc 
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 28-də Nyu-York şəhərinin böyük inzibati bölgüsü olan Bruklin rayonunun yerli hakimiyyət rəhbəri Erik Adamsla görüşüb.
Erik Adams deyib ki, bir müddət əvvəl onun müraciəti əsasında Nyu-Yorkun Bruklin və Bakının Səbail rayonları arasında qardaşlaşma münasibətləri yaradılıb və bu münasibətlər onları Azərbaycana daha da yaxınlaşdırıb. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsini izləmək üçün Azərbaycana səfər etdiyini xatırladan E.Adams Bakının onun yaddaşında zəngin təəssüratlarla qaldığını bildirib. O, Bruklində çoxlu sayda azərbaycanlının yaşadığını və onların mədəni zənginlikləri ilə rayonun həyatında özünəməxsus rol oynadıqlarını vurğulayıb. E.Adams qeyd edib ki, Azərbaycanla Bruklin arasında münasibətlər üç əsas istiqamət - təhsil, ticarət və mədəni mübadilə üzrə inkişaf etməlidir.
Nazir Ə.Qarayev Bruklində və Bakıda fəaliyyət göstərən mədəniyyət müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. O deyib ki, keçən ilin noyabr ayından başlayaraq “Azərbaycan Hava Yolları” tərəfindən həyata keçirilən Bakı – Nyu-York birbaşa uçuşları Bruklinlə Azərbaycan arasında mədəniyyət və təhsil sahəsində mübadilənin genişlənməsinə şərait yaradacaq.
Nazir Azərbaycanın turizm potensialından da danışıb və Nyu-Yorkda ölkəmizin təbliğ edilməsinin önəmini vurğulayıb. Ə.Qarayev E.Adamsı cari ilin mayında Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
Sonda E.Adamsa Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edilib.
Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ölkəmizin BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev də iştirak ediblər. 
Xatırladaq ki, Bruklin və Səbail rayonları arasında dostluq və əməkdaşlıq haqqında protokol ötən ilin noyabrında imzalanıb.
Yusif Babanlı 
AzərTAc-ın xüsusi müxbiri
Nyu York


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanla_Bruklin_arasinda_medeni_mubadile_imkanlari_muzakire_edilib-828229

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR