Füzuli, 15 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Yeni dərs ilinin ilk günü Füzuli rayonunun təhsil həyatı üçün əlamətdar və yaddaqalan olub. Rayonun Əhmədbəyli kəndində inşa edilən musiqi təmayüllü gimnaziya binası müəllim və şagirdlərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə rayon rəhbərliyinin, ictimaiyyətin, müəllim və şagirdlərin iştirakı ilə açılış mərasimi keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev və təhsil şöbəsinin müdiri Almaz Həşimova müəllim və şagirdləri yeni dərs ilinin başlanması və gimnaziya binasının istifadəyə verilməsi münasibətilə təbrik edib, son illər Azərbaycan təhsilinin inkişafı ilə bağlı görülmüş işlərdən, Prezident İlham Əliyevin, habelə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri yüksək diqqət və qayğıdan danışıblar.
Bildirilib ki, son 10 ildə Füzuli rayonunda 3860 şagird yerlik 23 məktəb binası tikilib, 2180 şagird yerlik 12 məktəb binası əsaslı təmir olunub. Rayonun ümumtəhsil müəssisələrini bitirən məzunlar hər il yüksək göstəricilərlə müxtəlif ali məktəblərə qəbul olurlar. Təkcə bu il məzunlardan 326 nəfəri ali, 92 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olub. Onların 35-i 500-600 arası, 12-si isə 600-dən çox bal toplayıb.
Mərasimdə çıxış edən müəllim və şagirdlər, ictimaiyyətin nümayəndələri göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra iştirakçılar gimnaziya binasında yaradılan şəraitlə tanış olublar. 340 şagird yerlik bina üç korpusdan ibarətdir. Əsas korpus üç mərtəbəli, yataqxana, yeməkxana, musiqi və akt zallarının yerləşdiyi ikinci və üçüncü korpuslar isə iki mərtəbəlidir. Gimnaziya binasında, həmçinin fizika, kimya, biologiya kabinələri və laboratoriyalar, kompyuter otaqları, kitabxana, idman zalı fəaliyyət göstərir. Müasir istilik və müşahidə sisteminə malik bina lazımi inventar və avadanlıqlarla təmin olunub.

