"İslama nifrət etmirik. Sadəcə, müsəlmanların sayının artmasından qorxuruq. Günlərin birində hər tərəfimizdə çoxlu müsəlman olmasını istəmirik" (Mişel Uelbek)
Əlcəzair, Tunis, Liviya, İraq, Suriya, Livan, Əfqanıstan, Somali, Sudan, Eritreya - bu ölkələrdən Avropa Birliyinə miqrant axını selə çevrilib. Ötən ilin əvvəllərindən bəri 800 mindən artıq müsəlman Avropaya üz tutub. Onlar ölümdən, müharibələrdən, atışmalardan, viranə qalmış məkanlarından qaçırlar.
Arxada vətəndaş müharibələri, hakimiyyət uğrunda çarpışmalar, İŞİD təki radikal islamçı və terrorçu qruplaşmalar var.
Müsəlmanların axını islamofob hərəkatların və düşüncələrin onsuz da güclü olduğu Avropada islama qarşı kəskin antipatiyada olanların sayını daha da artırıb.

Orta statistik sağçı avropalı "müsəlmanlar qitəmizi işğal edirlər" deyir, qorxur, təlaşa düşür və "İslamın yürüşünün qarşısı alınmalıdır" deyir.
Halbuki miqrant dalğasını yaradan elə həmin "sakit avropalılar"dır.
O kəslər ki, yaşadıqları ölkələrin hakimiyyət dairələri Yaxın Şərqdə və Şimali Afrikadakı dövlətlərdə maraqlarını təmin etmək üçün hakimiyyət dəyişikliklərini çevrilişlər, qiyamlar, ən müxtəlif "rəngli inqilablar" formasında reallaşdıranda, yüz minlərlə müsəlmanın əzabı, itkiləri, göz yaşları və işgəncələri hesabına "baharlar"ı gerçəkləşdirəndə ya susur, ya da hökumətlərinin siyasətini dəstəkləyirdilər.
O siyasi korluğun, müti razılaşmanın sonucu bumeranq təki Avropanı vurursa, avropalılar arasında islamofobiyanın yayılması təəccüb doğurmamalıdır.

Hədəfə alınmaq
"İslamofobiya" termini 2001-ci ilin sentyabrın 11-dəki məşum teraktlardan sonra daha tez-tez istifadə olunmağa başladı.
Halbuki Britaniyada diskriminasiya və dini zəmində dözülməzlik məsələlərini araşdıran "Runnymede Trust" fondu hələ 1997-ci ildə islamofobiyanı "islama nifrət və qorxu, bütün müsəlmanlara nifrət" kimi dəyərləndirmişdi. Britaniyalı ekspertlərin fikrincə, müsəlmanların sosial, iqtisadi və ictimai müstəvilərdə ayrı-seçkiliyə məruz qalmaları, təqib olunmaları islamofobiya ilə bağlıdır.
"Səlib yürüşü 2.0: Qərbin islama qarşı yeni savaşı" (Crusade 2.0: The West's Resurgent War on Islam) kitabının müəllifi, məşhur amerikalı politoloq və ekspert Con Feffer hesab edir ki, Qərbdə islamofobiyanın geniş yayılmasının əsas səbəbi islamın yanlış qələmə verilməsi ilə yanaşı, hakimiyyət dairələri və medianın "ərəb baharı"nı çox müsbət hadisə kimi dəyərləndirməsidir.
"İslamofobiyanın kökündə isə müsəlman ölkələrinin siyasi və iqtisadi gücünün artmasından narahatlıq keçirən Qərbin təlaşı durur. Qərb bu ölkələri müstəmləkələrə çevirmək, tam idarə olunan yerlərə çevirmək istəyir", - Feffer yazır.
"Ərəb baharı"nın soyuq qışı
Qərb insan haqları və demokratiya prinsiplərinin bərqərar olmasını istədiyini bəyan edərək müsəlman sivilizasiyasına qarşı sanki səlib yürüşünə çıxıb.
Bu yürüş zahirən obıvatellər üçün çox xoş proses təsiri bağışlayır.
Terrorçular vurulur, diktatura rejimləri devrilir, seçkilər keçirilir, televiziya ekranlarındakı müsəlmanlar ABŞ və Avropa Birliyinə dərin minnətdarlıqlarını bildirir, hətta əllərində "Mama Merkel Thank You!" yazılmış plakatlar da tuturlar.
İlk baxışdan demokratiya zəfər yürüşündədir.
Di gəl, Roma papaları Urban və Piyin zamanında da "zəif, köməksiz qalmış insanları vəhşilikdən xilas etmək" adı ilə səlib yürüşləri keçirilirdi.

O yürüşlərdə hətta pravoslav xristianlara da rəhm olunmurdu: katolik olmadıqlarına görə. Səlibçilər Konstantinopola girəndə şəhəri qılıncdan keçirmişdilər və pravoslavlar bunu hələ də unutmayıblar.
Almaniyanın baş naziri Angela Merkelə ötən illərdə "Thank You" yazılı şüarlar ünvanlayan müsəlmanların arasında yüz minlərlə insan indi elə həmin Almaniyaya üz tutaraq Macarıstan, Slovakiya, Çexiya, Serbiya, Yunanıstanda sərhədlərdəki hasarların qarşısında ağlayır, qışqırır, telekameraları görəndə "Mama Merkel Help Us!" deyirlər.
Qərbin insan haqları anlayışı "nədənsə" Yaxın Şərq və Şimali Afrikadakı müsəlmanlar üçün fəlakətli nəticələr verdi və avropalı siyasi analitiklər, ekspertlər bu "qəfil" dəyişikliklərin səbəblərini arayırlar.
Halbuki səbəb üzdədir.

Çevrilişlər, qiyamlar, üsyanları planlaşdırıb gerçəkləşdirən və bunu "müsəlmanlar üçün demokratiya, inkişaf şansı", "ərəb baharı" adlandıran Qərb insan haqlarından fasiləsiz bəhs edəndə elə həmin insanların ən böyük hüququnun gülləbaranda, bombardmanda, terrorda ölməmək haqqı olduğunu nəzərə almaq istəmədi.
İnsan haqlarının təməlini insanın insan kimi yaşamaq hüququ təşkil edir və bu hüquq hansısa səbəblərə görə onun əlindən alınırsa, o insan böyük geosiyasi oyunların və dövlətlərin maraqlarının təminatına yönəlmiş proseslərin qurbanına çevrilirsə, baş verənlər demokratiyanın yayılması yox, aşkar terrordur.
Başqa adlı, zahiri görünüşlü və təqdimatlı
ABŞ və Avropa Birliyi ölkələri "terrorla mübarizə" adı altında 2001-ci ilin sentyabrın 11-dən bəri müsəlman ölkələrinin siyasi coğrafiyasını dəyişməyə can atır. "Böyük Yaxın Şərq Layihəsi" adlı proqram artıq komplo səviyyəsindən çıxıb, real istəklər və ssenarilər məcmusunu xatırladır.
Terrorla mübarizə, insan haqlarının təminatı və demokratik standartların tətbiqi adı altında müxtəlif ölkələrin daxili işlərinə kobud müdaxilələr sonucda qarşısı hələ də alınmayan xaosa, vətəndaş müharibələrinə, region dövlətlərinin iqtisadiyyatlarının darmadağın olmasına, Şimali Afrika və Yaxın Şərqdəki bəlli dövlətlərin ərazi bütövlüklərinin belə, sual altına düşməsinə, milyonlarla insanın ölümdən qaçaraq qaçqına çevrilməsinə səbəb olub.

Liviya, Suriya, Yəmən, Tunis, İraq artıq tammənalı dövlətlər sayıla bilər. Bu ölkələr ayrı-ayrı silahlı qruplaşmalar və dəstələrin, hərəkat və "cəbhə"lərin mərkəzi hakimiyyətə qarşı silahlı, özü də amansız mübarizə apardığı məkanlara çevrilib.
Növbədə Bəhreyn, Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Mərakeş və Livanın olduğu vurğulanır.
Əlcəzairdə hakimiyyət 34 il Qərbin göstərişlərini yerinə yetirdi, əmrlərə tabe oldu, amma bu, prezident Əbdel Əziz Buteflikanı vətəndaş müharibəsindən xilas etmədi. Buteflika hər an devrilmək təhlükəsindədir və Əlcəzairdə çevriliş olarsa, bu ölkənin bir qismi İŞİD-in, bir qismi də İŞİD-ə düşmən kəsilmiş "Əl Qaida"nın və yerli məmurlarla "şeyx"lərin silahlı dəstələrinin nəzarətinə keçəcək.
Tunisdə xaos artıq 4 ildir ki, davam edir və sonucun necə olacağını kimsə bilmir. Məhz Tunisdə 2011-ci ildə başlanmış kütləvi narazılıqlar və etiraz aksiyaları hakimiyyət dəyişikliyinə səbəb olmuş, sonradan bu proses Şimali Afrika və Yaxın Şərqdə çevrilişlər, üsyanlarla sonuclanan "ərəb baharı"nı yaratmışdı.
Tunisin baş naziri Həbib Essid indi çox narahatdır, çünki ölkənin böyük qismində İŞİD-in mövqeləri sürətlə möhkəmlənir.
Parçalanmış, "vilayət" və "əmirliklər"ə bölünmüş Liviyada iki parlament, iki prezident və iki baş nazir varsa, Suriyada prezident Bəşər Əsədin hakimiyyəti ölkənin 1/4-indən də az hissəsinə nəzarət edir. İraq faktiki olaraq kürdlər, şiə və sünni ərəblər arasında bölüşdürülməyə hazırlanır. Livan "Hizbullah", ƏMƏL və maronitlərin silahlı birləşmələrinin çox kövrək anlaşmasının hesabına parçalanmır. Misirdə hərbçilərin faktiki hərbi çevrilişlə hakimiyyətə gəlişlərindən sonra ağır zərbələr almış "İhvan əl Müslimin" ("Müsəlman qardaşlar") çox ciddi qisasa hazırlaşır. Yəməndə husilər Səudiyyə Ərəbistanının başçılığı ilə ölkəyə yeridilən koalisiya qüvvələri ilə yanaşı, devrilmiş prezidentin tərəfdarları ilə vuruşurlar.
Fars Körfəzi ölkələri də barıt çəlləyi durumundadır.
Biz nə etməliyik?
Qərbin Yaxın Şərqdəki neoimper, müstəmləkəçilik siyasətindən Türkiyə də nəsibini alıb. 31 ildən bəri Avropa Birliyinə üzv olmağa çalışan, amma ötən illər ərzində yalnız tələblərin sayının artması və vədlərin azalması ilə qarşılaşan rəsmi Ankara "əməkdaşlıqla bağlı müzakirələrdə irəliləyişlər var, ruhdan düşməyə dəyməz" tipli ifadələr eşitməkdədir.
NATO üzvü, regionun ən güclü ordu və iqtisadiyyatına malik Türkiyə ABŞ ilə həddən ziyadə intensiv, siysasi və hərbi münasibətlərə, aktiv iqtisadi-maliyyə əlaqələrinə malik olsa da, Vaşinqton Ankaraya AB məsələsində real dəstək olmayıb və əslində, olmaq niyyətində də deyil. Əksinə, Qərb Türkiyədə separatizmin, terrorçuluğun məhv edilməsinə imkan vermir, kürdlərin terrorçu PKK təşkilatına qarşı antiterror əməliyyatları güclənən kimi Ankraya təzyiqləri artırır.
![]()
Suriyada vətəndaş müharibəsi başlayandan bəri 2,3 milyon suriyalı qaçqını qəbul edən Türkiyə indi miqrant böhranı və PKK terrorunun aktivləşməsi kimi ciddi problemlərləə üzbəüz qalıb, Qərbdən yardım və dəstək istəsə də, real heç bir cavab almır.
Hətta Cənub-Şərqi Asiyada yerləşən müsəlman ölkələri Malayziya və İndoneziya belə "parçala, hökm sür" siyasətindən qurtula bilməyib. Malayziya hələ 1960-cı illərdə Sinqapurun müstəqilliyini tanımağa, İndoneziya isə XXl əsrə Şərqi Timor problemi ilə qədəm qoymağa məcbur edilib. Bu ölkələrdə indi Sabax-Saravak, Açex kimi separatizm ocaqları hələ də qalır. Bütün bunlarda Qərbin məqsədi müsəlman ölkələrinin müstəqil inkişafının qarşısını almaq, onları daxili qarşıdurmalara sövq etmək, yerüstü və yeraltı sərvətlərini nəzarətdə saxlamaqdır.
Belədə Azərbaycanın hadisələrin ümumi məcrasından kənarda qalacağı, böyük güclərin bizimlə əlahiddə və fövqəladə şəkildə davranacaqlarını düşünmək sadəlövhlük olardı.
Müstəqilliyimizin ilk günlərindən ABŞ və Avropa Birliyi ilə sıx tərəfdaşlıq, bərabərhüquqlu münasibətlərin qurulması, təmasların qarşılıqlı etimad prinsipinə əsaslanmasına çalışmışıq.

Əfsuslar olsun ki, cəhdlərimiz, niyyətimiz və istəklərimiz dəyərləndirilməyib.
Qərbin yürütdüyü siyasətin beynəlxalq hüquqa və bəyan etdiyi prinsiplərin məhvər ünsürlərinə yox, "Güclü olan haqlıdır" attraksiyasına əsaslandığını anlamalıyıq.
Azərbaycan müstəqil siyasət yürütmək haqqına, beynəlxalq hüquqa, milli dəyərlərə və digər bu kimi prinsiplərə etinasız münasibət bəsləyən, öz fəaliyyətini tabeçilik, diktat və "böyük-kiçik" prinsipləri, sivilizasiyaların toqquşması ideologiyası üzərində quran Qərb strukturlarına inteqrasiyanın mümkünsüzlüyünü görür və bunun zərərli olduğunun fərqindədir.
Məhz buna görə də Azərbaycanın məqsədi və hədəfi müstəqilliyin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının, vətəndaşların təhlükəsizliyinin və cəmiyyətin inkişafının təminatıdır. Bəhs etdiyimiz məqsədlərə isə xarici siyasətdə müəyyənləşmiş prioritetlərə əməl etmədən nail olmaq mümkün deyil.
Neoimperializmin, müstəmləkəçiliyin, xalqları istismar etmək və dövlətləri asılı vəziyyətə salmaq istəyən ölkələrlə əməkdaşlığın isə perspektivi yoxdur.
Bu, Azərbaycanın mövqeyi, seçimidir.
Orxan Hun
Milli.Az