Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Xətai rayonundakı 257 nömrəli tam orta məktəbdə “Təhsilə dəstək” layihəsi çərçivəsində “İnklüziv təhsil və sosial inklüziya” mövzusunda maarifləndirici konfrans keçirilib.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, konfransda BŞTİ-nin inkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin ictimai vəkillik üzrə məsləhətçisi Vüqar Salmanov, bu İctimai Birliyin Sumqayıt “Təhsilə dəstək” layihəsinin əlaqələndiricisi Gülgəz Abasquliyeva, məktəbin kollektivi və valideynlər iştirak ediblər.
Məktəbin direktoru Qarat Qaratov “Təhsilə dəstək” layihəsi ilə bağlı geniş məlumat verib. V.Salmanov xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqları barədə maarifləndirici təqdimatla çıxış edib. Bildirilib ki, “SOS Uşaq Kəndləri-Azərbaycan” təşkilatının əsas missiyası valideyn himayəsindən məhrum olan uşaqlara uzunmüddətli qayğı göstərmək, uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısını almaqdır.
BŞTİ-nin sektor müdiri L.Şərəfxanova inklüziv təhsil və “Təhsilə dəstək” layihəsi ilə bağlı çıxış edib. O, inklüziv təhsil sahəsində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn məqsəd və vəzifələrdən söz açıb. L.Şərəfxanova əlilliyi olan uşaqların məktəbəqədər təhsili, onların sosiallaşması kimi önəmli məsələlərdən də danışıb.
