Sankt-Peterburq, 25 sentyabr, AZƏRTAC
“Mən buradan erməni qadınlarına müraciət edərək demək istəyirəm: ölkənizin Azərbaycana qarşı təcavüzünə son qoyun, Azərbacan torpaqlarının işğalını dayandırın. Yalnız bu halda biz qadınlar Cənubi Qafqazda sülhə nail ola bilərik”.
Bu sözləri Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda işə başlamış Avrasiya Qadınlar Forumunun açılışında söyləyib. H.Hüseynova vurğulayıb ki, Azərbaycan üçün ən böyük problemlərdən biri qaçqınlar məsələsidir. Artıq 25 ildən çoxdur Azərbacanın qaçqınların və məcburi köçkünlərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün xeyli iş gördüyünü vurğulayan H.Hüseynova qeyd edib ki, Ermənistanın təcavüzü nətcəsində torpaqlarının bir hissəsini itirmiş ölkəmiz, təəssüf ki, öz ərazi bütövlüyünü bərpa etmək üçün müdafiə sahəsinə böyük vəsait ayırmaq məcburiyyətindədir. Halbuki bu vəsaiti daha dinc məqsədlərə sərf etmək olardı. H.Hüseynova, həmçinin Azərbycanda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayəsi və dəstəyi ilə qadın və uşaqların hüquqlarının müdafiəsi, ailə dəyərlərinin qorunub saxlanması istiqamətində görülən işlərdən danışıb.
Qeyd edək ki, Forumda dünyanın 85 ölkəsindən 700-dən çox qadın iştirk edir. Azərbaycanı tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüsynovanın rəhbrliyi ilə mötbər namyəndə heyəti təmsil edir.
Tədbirin açılış mərasimində RF Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış edərək bildirib ki, qadınlar dialoqa, diplomatiyaya, humanitar qərarlara daha meyillidirlər. O deyib: “Qadınların əksəriyyəti hegemonluq qazanmağa, digər dövlətlərə nə edəcəklərini diktə etməyə çalışan bəzi ölkələrin yaratdığı süni gərginliyi dəstəkləmir. Forum iştirakçılarının məqsədi dünya birliyinə aid mühüm məsələlərin həlli üzərində birlikdə işləməyin mümkün olduğunu nümayiş etdirməkdir”.
Forumun açılşında çıxış edənlər arasında Rusiya hökuməti sədrinin müavini Olqa Qolodets, YUNESKO baş katibinin sosial və humanitar məsələlər üzrə müavini Nada Al-Naşif, Sosial-Mədəni Təşəbbüslər Fondunun prezidenti Svetlana Medvedeva, Çin, Vyetnam, Laos, Belarus və bir çox digər ölkələrin tanınmış dövlət xadimləri, ictimiyyətin nümayəndələri də vardır.
Tədbirdə sosial məsələlər, ailə, səhiyyə, təhsil, mədəniyyət sahələri ilə yanaşı, dünyada baş verən hadisələr, regional münaqişələr, müharibələr və humanitar fəlakətlər və sair diqqət mərkəzinə çəkilib, onlara ümumi qiymət verilib.
X X X
Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Ailə, Qadın və Uçaq Problrmləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mətbuat nümayəndələri üçün brifinq keirib.
H.Hüseynova mətbuat nümayəndələrinin sualarına cavab verərkən bildirib ki, Azərbaycan üçün ailə ənənələri əsas dəyərlərdən biridir. Lakin son vaxtlar dünyada bu dəyərlərin əsaslarının laxladılmasına cəhd göstərilir. Forum iştirakçıları milli dəyərlərə zidd təbliğatın qarşısının alınması yollarını axtarmağa, bu vasitələrin qanunvericiliklə möhkəmləndirilməsi imkanlarını araşdıramağa çalışırlar. Komitə sədri Rusiya telekanallarında veriliş və filmlərə yaş məhdudiyyəti qoyulması təcrübəsinin Azərbaycanda da tətbiqinin məqsədəuyğun olduğunu vurğulayıb. Bundan əlavə, H.Hüseynova Azərbaycanda qeyri-hökumət sektorunun ailə və qadın problrmlərinə dair tədbirlərdə yaxından iştirak etdiyini qeyd edərək deyib ki, bu təşkilatların yaxından iştirakı ilə keçirilən təbliğat kampaniyası sayəsində Azərbaycanda bələdiyyə və parlament seçkilərində qadın namizədlərin sayı il-ildən artır. H.Hüseynova deyib: “Ölkəmizdə Azərbacan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb. Hər il onlar ölkə büdcəsindən ciddi maliyyə dəstəyi alırlar. Hər hansı qeyri-hökumət təkilatı layihələrini həyata keçirmək üçün bu Şuraya müraciət edib qrant götürə bilər. Onu da qeyd edim ki, hazırda Azərbaycanda 200-ə yaxın qadın qeyri-hökumət təşkilatı fəaliyyət göstərir”.
X X X
Forumun iştirakçıları iki gün ərzində plenar iclaslarda, “dəyirmi masa”larda müzakirələri davam etdirirlər. Nümayəndə heyətlərini zəngin mədəni proqram gözləyir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq




