[ 30 Yanvar 2015 10:39 ]



Bakı - APA. Azərbaycan prezidentinin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədilə 2014-cü ili əhatə edən 19 saxlama vahidi kino (video) sənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə verilib.


Arxivdən APA-ya verilən məlumata görə, kinosənədlər dövlət başçısının Gəncədə "ASAN Xidmət" mərkəzinin fəaliyyəti ilə tanışlığını, Göygöl rayonunda Olimpiya Kompleksinin, Göygöl Gənclər Mərkəzinin, Məhsəti Gəncəvi Mərkəzinin, qaçqınlar üçün tikilmiş yeni yaşayış binasının, Bayraq Meydanı Kompleksinin rəsmi açılışlarını əks etdirir.


Prezidentin Ağdamda, Bərdədə, Füzulidə, Beyləqanda yerləşən hərbi hissələrdə əsgərlərlə görüşünü, NATO-nun baş katibini, Türkiyə və Gürcüstanın dövlət başçılarını rəsmi qəbul etməsini, Yunanıstanla bağlanmış dövlətlərarası sənədlərin imzalanmasını, AŞPA-nın Strasburqda keçirilən yay sessiyasındakı çıxışını, Avropa Komissiyasının sədrlərini qəbul etməsini əks etdirən görüntülər qəbul edilən kinosənədlərin tərkibini təşkil edir.


Hazırda Arxivdə qəbul edilmiş kino sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir, hər bir sənədin qısa, müfəssəl məzmunu haqqında məlumat hazırlanır.