İsmayıllıda etno-irs günləri festivalı keçirilir.
Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, festivalda 100-ə yaxın gənc aktyor, tələbə, folklor qrupları və xalq sənətkarları iştirak edirlər. İsmayıllıda açıq səma altında baş tutan festivalda milli və tətbiqi sənət nümunələri təqdim olunub. Kəndirbazlar, sehrbazlar öz məharətlərini nümayiş etdiriblər. Gənc aktyor və tələbələrin ifasında təqdim olunan qədim xalq rəqsləri, oyunlar, musiqiçilərin ifasında səsləndirilən muğam və milli mahnılar böyük marağa səbəb olub.
Festivalın keçirilməsində məqsəd Azərbaycanın milli-mədəni irsinin, tarixinin, adət və ənənələrinin qorunub saxlanılması və təbliğ edilməsidir. Tədbiri maraqlı edən amillərdən biri də burada milli mətbəximizə xas təamların elə yerindəcə hazırlanması olub. Bu yeməklərdən dadan yerli və xarici qonaqlar festivalın onlarda Azərbaycan mədəniyyəti barədə yüksək təəssürat oyatdığını bildirirlər.
4 gün davam edəcək festival çərçivəsində qonaqlar yerli sənətkarlıq nümunələri ilə tanış olmaq imkanı əldə edəcəklər. Burada sərgilənən misgərlik, zərgərlik, xalçaçılıq, dulusçuluq, nəqqaşlıq və başqa sənət nümunələri Azərbaycanın qədim sənət nümunələri barədə dolğun təsəvvür formalaşdıracaq.
Milli.Az