Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 24 –dən etibarən Nizami Kino Mərkəzi ABŞ, Böyük Britaniya, İslandiyanın istehsalı olan "Everest" , "Stajçı" (ABŞ) və Azərbaycan istehsalı olan "Gecə qonağı" filmlərini nümayiş etdirib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, rejissor Baltasar Kormakurun real hadisələr əsasında çəkdiyi "Everest" filmi triller, dram və macəra janrındadır. Everest – bir çox alpinistlərin fəth etmək istədiyi möhtəşəm dağdır. Əvvəlki ekspedisiyanın faciə ilə bitməsinə baxmayaraq, alpinistlər xəyallarından əl çəkmək fikrində deyillər.
Komediya janrında çəkilmiş "Stajçı" filminin ssenari müəllifi və rejissoru Nensi Mayersdir. 70 yaşlı dul kişi Ben Uitaker başa düşür ki, təqaüdə çıxmaq hələ son deyil. O, fürsətdən istifadə edib moda saytlarının birində Culs Ostinin rəhbərliyi altında stajçı kimi işləməyə başlayır...
Yeni "Gecə qonağı" adlı filmi azərbaycanlı rejissor Kənan MM çəkib. Ekran əsəri dram janrındadır. Tək yaşayan Camal rəssamlıqla məşğuldur, lakin heç kimin onun əsərlərini bəyənmədiyinə görə onda böyük depressiya yaranır. Onun Lalə adında özündən razı nişanlısı var. Filmin sonluğu tamaşaçı üçün gözlənilməz hadisə ilə başa çatır.
Filmdəki obrazları aktyorlar Fərda Amin, Pərvin Abiyeva, Tural Əhməd, Kəmalə Piriyeva, Kənan MM və başqaları canlandırıblar.
Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. https://www.facebook.com/NizamiCinema?rf=hl