Bakı, 28 sentyabr, AZƏRTAC
Baş nazir Dimitri Medvedyev Nəqliyyat Nazirliyinə Kiyevin Ukrayna səmasını Rusiya təyyarələrinin uçuşlarına bağlamasına cavab olaraq, bu ölkənin aviakompaniyalarına qarşı analoji addım atmağı tapşırıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Natalya Timakova bildirib.
Bir qədər əvvəl Ukrayna hökuməti hava məkanını Rusiya aviakompaniyalarının üzünə bağlayacağını bəyan etmişdi. Artıq oktyabrın 25-dən etibarən Rusiya aviaşirkətlərinə Ukrayna ərazisində yüklərin tranziti, uçuş və daşınmalar qadağan olunacaq. “Qara siyahı”da ümumilikdə 25 aviasiya şirkəti yer alıb.
Rəsmi Moskva isə öz növbəsində Kiyev tərəfindən tətbiq ediləcək məhdudiyyətləri qeyri-qanuni hesab edir və adekvat cavab tədbirlərinə əl atacağını bildirir.