Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu doğulduğu Bolnisi rayonunda dəfn edilib

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu doğulduğu Bolnisi rayonunda dəfn edilib
11:43 29 Sentyabr 2015
170 Ölkə
Ölkə mətbuatı
A- A+


Tbilisi, 29 sentyabr, AZƏRTAC
Azərbaycan torpaqlarının erməni işğalçı qüvvələrindən müdafiəsi zamanı şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Elşən Vaqif oğlu Məmmədovun sentyabrın 28-də Gürcüstanın Bolnisi rayonunun Zol-Güvəc kəndində dəfn mərasimi olub.
Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşesi aparatının zabitləri, səfirliyin, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları, ziyalılar, jurnalistlər iştirak ediblər.
Dəfn mərasimində din xadimləri “Qurani-Kərim”dən ayələr, şəhidin ruhuna dualar oxuyublar.
Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşesi, polkovnik Xəzər Abbasov zabitlər, Azərbaycan Respublikasının müdafiə nazirinin və Azərbaycanın Gürcüstandakı səfirinin adından şəhidin valideynlərinə, yaxınlarına başsağlığı verib, ona Allahdan rəhmət diləyib.
Hərbi attaşe torpaqlarımızın müdafiəsi zamanı şəhid olan əsgərlərimizin qanının yerdə qalmayacağını, düşmənin layiqli cavabını alacağını deyib.
Şəhidin atası Vaqif Məmmədov övlad itkisinin nə qədər ağır olmasına baxmayaraq oğlunun şəhidlik zirvəsinə yüksəlməsinin qürurverici olduğunu bildirib.
Şəhid Elşən Məmmədov Gürcüstanın Bolnisi rayonunun Zol-Güvəc kəndində anadan olub. Bakıda Azərbaycan İqtisad Universitetində təhsilini başa vurduqdan sonra könüllü olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında hərbi qulluğa başlayıb.
Sentyabrın 25-də qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində döyüşdə şəhid olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Silahli_Quvvelerinin_sehid_olan_herbi_qulluqchusu_doguldugu_Bolnisi_rayonunda_defn_edilib-888081

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR