Bakı, 1 oktyabr, Həsrət Mahmudova, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirlikləri və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Mən azərbaycanlıyam” milli intellektual bilik yarışmasının 5-ci mövsümünün qaliblərinin oktyabrın 1-də mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilən mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev beş il əvvəl start verilən layihənin cəmiyyətimiz, o cümlədən gənclərimiz tərəfindən böyük maraqlan qarşılandığını vurğulayıb. Gənclər sahəsində işin ölkəmizdə həyata keçirilən dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu qeyd edən nazir müavini onlara diqqət və qayğı göstərilməsinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. İ.Babayev deyib ki, Ümummilli Lider gənclərimizin geniş intellektə, dünyagörüşünə malik olması, milli vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə olunması, fiziki cəhətdən sağlam yetişməsinə xüsusi diqqət yetirirdi. Qürurverici haldır ki, müasir Azərbaycanın sağlam gəncliyi ölkəmizi bütün sahələrdə layiqincə təmsil etməyə qadirdir.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, təhsil nazirinin müavini Firudin Qurbanov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Elsevər Dünyamalıyev də çıxışlarında “Mən azərbaycanlıyam” intellektual bilik yarışmasının auditoriyasının ildən-ilə genişləndiyini, gənclərin bu müsabiqədə iştirak etməsinin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, Azərbaycan gəncləri tariximizi, milli mənəvi dəyərlərimizi, tarixi-mədəni irsimizi dərindən öyrənməlidirlər. Geniş tamaşaçı kütləsi, xüsusən də gənclər arasında böyük maraqla qarşılanan layihənin əsas məqsədi məhz bu baxımdan gənclərə Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını tanıtmaq, onları milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək sahəsində məqsədyönlü işin aparılmasıdır.
Sonra yarışmanın iştirakçıları mükafatlandırılıb.
Turnirdə birinci yeri tutan Nərmin Rüstəmova (Ağcabədi), eləcə də ikinci yerdə qərarlaşan Cabbar Hüseynli (Naxçıvan), Pərvin Rəhimova (Şəki) və Tural Fərəcov (Xızı) xüsusi mükafatlarla təltif ediliblər.