Bakı, 30 yanvar, AzərTAc
Yanvarın 30-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Binəqədi Mərkəzi Mədəniyyət Evində görkəmli teatr xadimi, dövlət mükafatı laureatı, xalq artisti Leyla Bədirbəylinin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
İdarədən AzərTAc-a bildirilib ki, tədbirdə əvvəlcə “Arşın mal alan” filmindən fraqment nümayiş olunub.
Sonra Leyla Bədirbəylinin həyat və yaradıcılığından, onun Azərbaycan mədəniyyətinə və incəsənətinə verdiyi töhfələrdən söhbət açılıb.
Tədbirdə çıxış edən əməkdar incəsənət xadimi, xalq artisti Ağakişi Kazımov, əməkdar artist, kinorejissor Elxan Qasımov, xalq artisti Məleykə Əsədova və aktyor İftixar Piriyev də Azərbaycan milli teatrının və kinosunun inkişafında əvəzsiz xidmətləri olan aktrisa ilə bağlı xatirələrini bölüşüblər.
Əməkdar incəsənət xadimi, rejissor Məhərrəm Bədirzadə aktrisanın Azərbaycan radiosu və televiziyasında iştirak etdiyi tamaşa və verilişlərdən söz açıb.
Xalq artisti Rafiq Əzimov aktrisanın teatr fəaliyyətindən danışaraq bildirib ki, o, teatr tamaşalarında əsas rolların ifaçısı olub. Onun böyük məharətlə yaratdığı obrazlar kinomuzda yaşamaqda, teatrımızda xatırlanmaqdadır.
Tədbirdə, həmçinin, Binəqədi Mərkəzi Mədəniyyət Evinin rəqs kollektivi “Arşın mal alan” filmindən “Qızların rəqsi”, “Qönçə” instrumental ansamblının solistləri isə bir-birindən maraqlı ifaları ilə çıxış ediblər.
Xalq artisti Leyla Bədirbəylinin 95 illik yubileyi qeyd olunub