Bakı, 30 yanvar, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzinin (ŞREM) ümumi yığıncağı keçirilib.
ŞREM-dən AzərTAc-a bildiriblər ki, yığıncaqda səsvermə yolu ilə mərkəzin 17 əməkdaşı elmi şuranın üzvü seçilib.
İclasda mərkəzin laboratoriyalarının adlarının dəyişdirilərək şöbə adlandırılması qərara alınıb. Həmçinin AMEA tərəfindən 2014-2020-ci illər üzrə təsdiqlənən elmi-tədqiqat işlərinin istiqamətlərinə əsasən tərtib olunmuş iş planları müzakirə edilib.
Tədbirdə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Hüseyn Mustafabəylinin “Yer qabığında baş verən ehtizasi hərəkətlər və geokimyəvi mühit tipləri arasındakı qarşılıqlı əlaqələrə dair” mövzusunda məruzəsi dinlənilərək müzakirələr olunub.